BAKI, 28 iyun. TELEQRAF

2026-cı il dünya çempionatının qrup mərhələsi başa çatıb və 1/16 finalda mübarizə aparacaq 32 milli komanda müəyyənləşib.

Teleqraf xəbər verir ki, dünya çempionatının qrup mərhələsinin son turundan sonra pley-off mərhələsinə vəsiqə qazanan bütün komandalar bəlli olub.

Qruplarını birinci pillədə Meksika, İsveçrə, Braziliya, ABŞ, Almaniya, Niderland, Belçika, İspaniya, Fransa, Argentina, Kolumbiya və İngiltərə yığmaları başa vurublar.

İkinci yeri Cənubi Afrika Respublikası, Kanada, Mərakeş, Avstraliya, Kot-d'İvuar, Yaponiya, Kabo-Verde, Misir, Norveç, Avstriya, Portuqaliya və Xorvatiya tutub.

Bundan başqa, üçüncü yerlər arasında ən yaxşı nəticə göstərən Bosniya və Herseqovina, Paraqvay, Ekvador, İsveç, Seneqal, Əlcəzair, Konqo Demokratik Respublikası və Qana da pley-off mərhələsinə yüksəlib.

Beləliklə, 1/16 finalda ümumilikdə 32 komanda mübarizə aparacaq. Onlardan 24-ü qruplarda ilk iki yeri tutan, 8-i isə üçüncü yerlər arasında ən yaxşı göstəriciyə malik yığmalardır.

1/16 final oyunları 28 iyun - 3 iyul, 1/8 final görüşləri 4-7 iyul, 1/4 final matçları 9-11 iyul, yarımfinallar isə 14 və 15 iyul tarixlərində keçiriləcək.

Üçüncü yer uğrunda oyun iyulun 18-də Mayamidə, final isə iyulun 19-da Nyu-Yorkda baş tutacaq.

Qeyd edək ki, DÇ-2026 tarixdə ən çox komandanın iştirak etdiyi mundialdır. Turnirdə ilk dəfə 48 milli komanda mübarizə aparır.