BAKI, 25 iyun. TELEQRAF
Bu gün Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Bakıda səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə Azərbaycanın hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin gündəliyi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu çərçivədə ölkəmizin təşəbbüsü ilə AQEM ölkələrində Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin, AQEM Qadınlar Şurasının və AQEM Maliyyə Sammitinin yaradılması, habelə iqtisadi əməkdaşlıq, iqlim dayanıqlılığı, su təhlükəsizliyi, qadınların səlahiyyətləndirilməsi, gənclər, təhsil, media, turizm və nəqliyyat-logistika sahələrində keçirilmiş genişmiqyaslı tədbirlərin əhəmiyyətinə və görülən işlərin bu beynəlxalq qurumun güclənməsinə verdiyi xüsusi töhfəyə diqqət çəkilib.
Görüşdə AQEM-in regionda və dünyada sülhün, təhlükəsizliyin, sabitliyin və dayanıqlı inkişafın təşviqi istiqamətində əməkdaşlığın gücləndirilməsində vacib rolu qeyd edilib.
Xələf Xələfov bu il Azərbaycanın sədrliyi dövründə keçiriləcək AQEM Sammitinin iştirakçı dövlətlər arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsində mühüm rol oynayacağını bildirib.
