BAKI, 28 iyun. TELEQRAF
İran İraqla iqtisadi, siyasi və təhlükəsizlik sahələrində geniş strateji əlaqələrini davam etdirməkdə qərarlıdır və Hörmüz boğazı 30 gün ərzində tam gücü ilə fəaliyyətini bərpa edəcək.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseyn ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əldə olunmuş razılaşmaya əsasən və mövcud maneələr aradan qaldırıldıqdan sonra Hörmüz boğazı İranın müstəsna idarəçiliyi altında müharibədən əvvəlki statusuna qaytarılacaq.
A.Əraqçi bu prosesə kənar müdaxilələrin regionda vəziyyəti daha da gərginləşdirəcəyini diqqətə çatdırıb:
"Hər hansı müdaxilə və ya paralel mexanizmlər yaratmaq cəhdləri yalnız vəziyyəti mürəkkəbləşdirəcək, gərginliyi artıracaq və bu mühüm su yolunun açılmasını gecikdirəcək. Son iki gecə ərzində Hörmüz boğazında baş verən insidentlər və qarşıdurmalar da bunu sübut edir".
Nazir bütün tərəfləri imzalanmış sənədə sadiq qalmağa və boğazın idarə edilməsi prosesinə müdaxilə etməkdən çəkinməyə çağırıb.