BAKI, 25 iyun. TELEQRAF
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Polşada keçirilən "Ukraynanın Bərpası Konfransı" çərçivəsində Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.
Görüş zamanı Azərbaycanla Ukrayna arasında əməkdaşlığın cari gündəliyi və gələcək perspektivləri müzakirə olunub. Tərəflər ticarət və investisiya sahələri daxil olmaqla, əməkdaşlığın genişləndirilməsi, habelə enerji, infrastruktur və bərpa prosesi sahələrində işbirliyinin dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Bundan əlavə, humanitar təşəbbüslər və iki ölkə arasında daha geniş əlaqələrin qurulması imkanları nəzərdən keçirilib.
Tərəflər uzunmüddətli tərəfdaşlığın daha da irəlilədilməsinə, eləcə də regional sabitlik, davamlı inkişaf və iqtisadi rifahın təmin olunmasına yönəlmiş səylərə dəstək vermək əzmində olduqlarını bir daha təsdiqləyiblər.