BAKI, 28 iyun. TELEQRAF
Türkiyədən yola düşən axtarış-xilasetmə qrupları güclü zəlzələlərin baş verdiyi Venesuelanın paytaxtı Karakasa çataraq xilasetmə əməliyyatlarına hazır olduqlarını açıqlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Anadolu Agentliyi (AA) məlumat yayıb.
Bildirilib ki, iki hərbi nəqliyyat təyyarəsi ilə Karakasdakı Simon Bolivar Beynəlxalq Hava Limanına çatan Türkiyə heyətini ölkənin Venesueladakı səfiri Naci Aydan Karamanoğlu qarşılayıb.
Səfir bildirib ki, Venesuelada 125 ildən sonra ilk dəfə 7,2 və 7,5 bal gücündə ardıcıl iki güclü zəlzələ baş verib. Onun sözlərinə görə, fəlakət genişmiqyaslı dağıntılara səbəb olub və xüsusilə hava limanının yerləşdiyi La Quayra ştatında vəziyyət ağırdır.
Karamanoğlu qeyd edib ki, dağıntılar Türkiyədə 2023-cü il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələlərin mənzərəsini xatırladır. O, Venesuela hakimiyyətinin Türkiyənin göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etdiyini də vurğulayıb.
Türkiyə Silahlı Qüvvələrinin Humanitar Yardım Briqadasının komandanı, briqada generalı Mehmet Bahtiyar isə bildirib ki, ölkəyə tam təchizatlı axtarış-xilasetmə qrupu və dörd xilasedici itlə gəliblər.
Onun sözlərinə görə, Türkiyə yalnız yardım və texnika deyil, həm də türk xalqının həmrəyliyini və dəstəyini Venesuela xalqına çatdırıb.
AFAD-ın Denizli üzrə müdir müavini Haluk Önay Erten də açıqlamasında bildirib ki, BMT tərəfindən akkreditə olunmuş ağır səviyyəli axtarış-xilasetmə qrupu bölgədə 24 saat fasiləsiz fəaliyyət göstərəcək. O qeyd edib ki, heyətdə UMKE tibb qrupları və Türk Qızıl Ayının nümayəndələri də yer alır.