BAKI, 25 iyun. TELEQRAF
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda guya "tənqidi səslərin susdurulması" ilə bağlı qəbul etdiyi növbəti qətnamə, əslində gözlənilməz hadisə deyil. Bu sənəd son illər ərzində Assambleyanın Azərbaycana münasibətdə formalaşdırdığı siyasi xəttin "məntiqi" davamıdır və bir daha göstərir ki, Avropanın bəzi institutları neytral beynəlxalq platforma funksiyasından getdikcə uzaqlaşaraq siyasi təzyiq alətinə çevrilməkdədir.
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məcliisn deputatı Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, diqqətçəkən məqamlardan biri də odur ki, qətnamə ayrıca proses kimi meydana çıxmayıb.
"Demək olar ki, eyni vaxtda Fransanın Xarici İşlər Nazirliyi də Azərbaycan əleyhinə növbəti bəyanatlarla çıxış edib. Bu hadisələr arasında birbaşa əlaqənin mövcudluğunu təsdiqləyən faktlar olmasa da, onların zaman baxımından üst-üstə düşməsi müxtəlif Avropa institutlarının Bakıya münasibətdə eyni siyasi xətt üzrə hərəkət etdiyini göstərən növbəti nümunə kimi qiymətləndirilə bilər", - deyə bildirib.
Deputat bildirib ki, qətnamənin əsasını təşkil edən məruzə AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi tərəfindən hazırlanıb və məruzəçi Belçikadan olan parlamentari Kristof Lakruadır: "Müzakirələr zamanı Almaniyadan olan deputat Frank Şvabe yenə də ölkəmizi əsassız olaraq hədəfə alıb. Şvabe uzun illərdir ki, Avropa Şurası strukturlarında Azərbaycana qarşı ən sərt mövqe nümayiş etdirən siyasətçilərdən biri kimi tanınır. Onun adı Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi təşəbbüslərində, “siyasi məhbuslar” mövzusu ətrafında aparılan kampaniyalarda, ağır cinayətlərdə ittiham olunan şəxslərin azad olunması ilə bağlı çağırışlarda, eləcə də erməni lobbisinin irəli sürdüyü tezislərin dəstəklənməsi ilə bağlı müzakirələrdə dəfələrlə hallanıb".
Deputat vurğulayıb ki, Şvabenin irəli sürdüyü təşəbbüslərin əksəriyyəti Qərb maliyyə mənbələri hesabına fəaliyyət göstərən və artıq müşahidəçi deyil, siyasi proseslərin iştirakçısına çevrilmiş qeyri-hökumət təşkilatlarının təqdim etdiyi materiallara istinad edir: "Nəticədə, AŞPA daxilində oxşar mövqeyi bölüşən deputatlar qrupu formalaşıb və həmin qrup mütəmadi olaraq yalnız Azərbaycanla bağlı məsələlərin gündəmə gətirilməsinə çalışır, regiondakı proseslərə daha geniş və balanslı yanaşma cəhdlərini isə ardıcıl şəkildə bloklayır”,-deyən millət vəkili əlavə edib ki, son illər Avropa institutlarında Azərbaycana qarşı ən sərt mövqedən çıxış edən siyasətçilərin dairəsi də kifayət qədər aydın görünür. Frank Şvabe ilə yanaşı, erməni gündəliyinə yaxınlığı ilə seçilən deputatlar və Fransanın siyasi elitasını təmsil edən şəxslər həm AŞPA-da, həm də Avropa Parlamentində ardıcıl şəkildə anti-Azərbaycan təşəbbüslərinin müəllifləri kimi çıxış edirlər".

Sevinc Fətəliyevanın fikrincə, diqqət yetirildikdə görünür ki, son dövrlərdə qəbul olunan qətnamələrin böyük əksəriyyəti eyni ittihamlar üzərində qurulur, eyni qeyri-hökumət təşkilatlarının materiallarına istinad edir və Azərbaycanın rəsmi mövqeyi, milli qanunvericiliyi, eləcə də suveren dövlət kimi öz hüquq sistemini formalaşdırmaq hüququ demək olar ki, nəzərə alınmır: "Bu isə təsadüfi deyil. Müasir çoxtərəfli diplomatiya şəraitində koordinasiyalı informasiya kampaniyalarının əsas xüsusiyyəti məhz oxşar narrativlərin müxtəlif beynəlxalq platformalarda eyni vaxtda dövriyyəyə buraxılmasıdır".
Onun sözlərinə görə, qətnamənin qəbul edilmə vaxtı da diqqətdən kənarda qalmamalıdır: “Azərbaycan bu gün beynəlxalq nüfuzunu ardıcıl şəkildə gücləndirən, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayan, Mərkəzi Asiya, Türkiyə, Körfəz ölkələri və Çinlə əməkdaşlığını genişləndirən, eyni zamanda Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşlardan biri kimi çıxış edən dövlətdir. Qarabağ üzərində konstitusion suverenliyinin tam bərpası, COP29-a uğurla ev sahibliyi və ABŞ vasitəçiliyi ilə Ermənistanla tarixi sülh sazişinin əldə olunması Azərbaycanın beynəlxalq aləmdə müstəqil siyasi kurs həyata keçirən və öz strateji gündəliyini ardıcıl şəkildə reallaşdıran dövlət kimi mövqeyini daha da möhkəmləndirib. Məhz bu müstəqil siyasi xətt Avropa institutlarında Azərbaycanı əvvəlki kimi xarici təsirlərə açıq tərəf kimi görmək istəyən müəyyən dairələrdə narahatlıq yaradır.
“İnsan hüquqları” mövzusu ətrafında qəbul olunan qətnamələr də məhz bu siyasi təzyiq mexanizminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Simptomatik məqam ondan ibarətdir ki, Azərbaycanla bağlı müzakirələrlə eyni dövrdə AŞPA Gürcüstan və Serbiyaya dair məruzələri də nəzərdən keçirib. Bu isə göstərir ki, daha müstəqil xarici siyasət yürüdən dövlətlər Avropanın bəzi institutlarında daha sərt siyasi tənqid hədəfinə çevrilirlər. Xüsusi diqqət çəkən digər məqam isə AŞPA-nın qətnaməsi ilə Fransa Xarici İşlər Nazirliyinin bəyanatları arasındakı zaman uyğunluğudur. Onların birbaşa əlaqələndirilməsi barədə ortada konkret fakt olmasa da, son illərin təcrübəsi göstərir ki, Fransa Azərbaycana qarşı siyasi təzyiq siyasətinin ən ardıcıl təşəbbüskarlarından biri olaraq qalır”.
Deputat qeyd edib ki, Fransa Senatı və Milli Assambleyasında qəbul edilən çoxsaylı anti-Azərbaycan qətnamələri, rəsmi Parisin müntəzəm bəyanatları, erməni mövqeyinə verilən açıq siyasi dəstək və Azərbaycan məsələsinin müxtəlif Avropa platformalarına çıxarılması istiqamətində aparılan fəaliyyət bu siyasətin davamlı xarakter daşıdığını göstərir: "Fransalı siyasətçilərin həm AŞPA-da, həm Avropa Parlamentində, həm də milli qanunverici orqanlarda eyni mövqedən çıxış etməsi çoxsəviyyəli siyasi təzyiq mexanizminin formalaşdığını deməyə əsas verir. Belə şəraitdə müxtəlif Avropa institutlarının eyni vaxtda oxşar mövqelərlə çıxış etməsi təsadüfi uyğunluqdan daha çox ümumi siyasi tendensiyanın təzahürü kimi görünür.
AŞPA-nın Gürcüstana münasibəti də bu baxımdan diqqəti cəlb edir. Xarici təsirin şəffaflığı haqqında qanun qəbul edildikdən sonra Avropa institutları Tbilisiyə qarşı təzyiqi əhəmiyyətli dərəcədə artırdı, əməkdaşlığın yenidən nəzərdən keçiriləcəyi ilə bağlı çağırışlar səsləndirdi və ardıcıl tənqidi qətnamələr qəbul etdi. Bu gün oxşar siyasi alətlər Azərbaycana münasibətdə də tətbiq olunur. Belə şəraitdə haqlı sual yaranır: demokratik dəyərlərin müdafiəsi ilə müstəqil xarici siyasət həyata keçirən dövlətlərə siyasi təsir göstərilməsi arasındakı sərhəd haradan keçir? Bu sualın cavabı, əslində həmin institutların hansı siyasi maraqlara xidmət etməsindən də asılıdır”,- deyən millət vəkilinin fikrincə, nəzərə almaq lazımdır ki, xüsusilə 2022-ci ildən sonra Avropa İttifaqı üçün Azərbaycan enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. Brüssel bir tərəfdən Azərbaycan qazına ehtiyac duyur, digər tərəfdən isə eyni ölkəyə qarşı siyasi tənqidləri davam etdirir. Bu ziddiyyət Avropa institutlarının obyektiv və qərəzsiz arbitrlər kimi çıxış etməsi barədə təsəvvürləri zəiflədir".
Sevinc Fətəliyeva onu da deyib ki, hazırkı qətnamənin əsas problemi yalnız irəli sürülən ittihamlarla məhdudlaşmır: "Sənəd bir daha göstərir ki, AŞPA getdikcə bərabərhüquqlu parlamentlərarası dialoq platforması funksiyasını itirmək təhlükəsi ilə üz-üzədir. Qərarlar əvvəlcədən qərəzli mövqeyi ilə seçilən məruzəçilərin hazırladığı sənədlər əsasında qəbul edildikdə və sonradan ayrı-ayrı dövlətlərin siyasi bəyanatları ilə müşayiət olunduqda belə sənədlərə etimadın azalması qaçılmaz olur.
Azərbaycan beynəlxalq institutlarla qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında dialoqa açıqdır. Lakin əvvəlcədən müəyyənləşdirilmiş siyasi ittihamlar üzərində qurulan yanaşma sağlam əməkdaşlıq modeli hesab oluna bilməz. Həqiqi tərəfdaşlıq yalnız qarşılıqlı etimad və bərabərlik prinsipləri əsasında mümkündür. Mövcud vəziyyət ilk növbədə Azərbaycanın deyil, Avropa institutlarının özlərinin qarşısında duran ciddi sınaqdır. Azərbaycan beynəlxalq arenada milli maraqlarını müdafiə etmək qabiliyyətini artıq dəfələrlə nümayiş etdirib. Əsas sual isə Avropa institutlarının beynəlxalq etimadı və qərəzsiz platforma statusunu qoruyub saxlaya bilib-bilməyəcəyidir. Tarix göstərir ki, siyasi qərəzlilik beynəlxalq institutların nüfuzuna ciddi zərbə vurur. AŞPA da parlamentlərarası dialoq platformasından siyasi təzyiq mexanizminə çevrilmək istiqamətində irəlilədikcə, onun beynəlxalq nüfuzu və etibarlılığı ilə bağlı suallar daha da aktuallaşır. Bu şəraitdə Azərbaycan üçün əsas vəzifə suveren bərabərlik, dövlətlərin daxili işlərinə qarışmamaq və çoxqütblü beynəlxalq münasibətlər prinsiplərini bölüşən ölkələrlə əməkdaşlığı daha da genişləndirmək, mövqeyini məhz bu prinsiplərə sadiq qalan beynəlxalq platformalarda ardıcıl şəkildə ifadə etməkdir”, - deyə deputat vurğulayıb.