BAKI, 25 iyun. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Polşada keçirilən "Ukraynanın Bərpası Konfransı" çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ceyhun Bayramov sosial media hesabında paylaşım edib.
Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Cənubi Qafqazda formalaşan regional vəziyyət, regionda davamlı sülh və sabitliyin təmin edilməsi üçün yaranmış tarixi fürsət barədə danışıb.
O, Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında yeni regional gündəliyi irəli aparmaq istiqamətindəki səylərini diqqətə çatdırıb.
Görüşün yekununda Azərbaycanın ATƏT ilə qarşılıqlı maraq doğuran məsələlər üzrə konstruktiv əməkdaşlığı davam etdirməyə hazır olduğu bir daha vurğulanıb.