BAKI, 28 iyun. TELEQRAF

Fars körfəzinin təhlükəsizlik strukturu xarici qüvvələrin müdaxiləsi olmadan yenidən qurulmalı, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar tamamilə dayandırılmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İraqın xarici işlər naziri Fuad Hüseyn ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

A.Əraqçi memorandumun ilk bəndinə əsasən müharibənin tamamilə bitməli olduğunu qeyd edib. O, İsrailin hücumları davam etdirməsini tənqid edərək ABŞ-nin öhdəliklərinə toxunub:

"Memorandumda qəbul edilmiş öhdəliklərə görə, bu hücumların dayandırılması, atəşkəsin təmin olunması və işğal olunmuş ərazilərdən geri çəkilməyə görə birbaşa məsuliyyət ABŞ-nin üzərinə düşür".

Nazir son hərbi əməliyyatların regional təhlükəsizliyə yeni yanaşmanı zəruri etdiyini bildirib. İran rəsmisi İraqın Fars Körfəzi Əməkdaşlıq Şurası üzvləri, İran və İraq arasında səkkiztərəfli dialoqun qurulması təklifini müsbət qarşıladıqlarını və Bağdadla əməkdaşlığa tam hazır olduqlarını bəyan edib.