BAKI, 8 iyun. TELEQRAF

Bakıda Azərbaycanla Litva arasındakı dostluq münasibətləri, ortaq tarixi yaddaş və repressiya qurbanlarının əziz xatirəsinə həsr olunmuş genişmiqyaslı ədəbi-bədii proqram təşkil edilib.

Teleqraf xəbər verir ki, sözügedən görüş Azərbaycan Yazıçılar Birliyi (AYB), Litvanın ölkəmizdəki səfirliyi və Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin birgə tərəfdaşlığı ilə baş tutub.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə aparıcılar qonaqları salamlayaraq, görüşün əhəmiyyətini diqqətə çatdırıblar.

Qeyd olunub ki, bu səpkili təşəbbüslər xalqlar arasında bağların möhkəmləndirilməsi, həmçinin müştərək keçmişin və mədəniyyətin təbliği baxımından böyük önəm daşıyır.

Çıxışçılar vurğulayıblar ki, Azərbaycan və Litva xalqları tarix boyu oxşar talelər yaşayıb, xüsusilə XX əsrdə siyasi repressiyaların ağır nəticələrinə məruz qalıblar.

Bu acı tarixin qurbanları tədbirdə bir dəqiqəlik sükutla yad edilib.

Yubiley proqramı çərçivəsində “Sözün repressiyası” sənədli filmindən fraqmentlər nümayiş olunub, həmçinin Litva səfirliyinin hazırladığı videoçarx təqdim edilib. Məktəblilərin böyük məharətlə ərsəyə gətirdikləri ədəbi-bədii kompozisiyalar, səhnəciklər və şeir qiraətləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Görüşdə Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid kimi görkəmli söz ustadlarının faciəvi taleyinə toxunulub, eyni zamanda Litva tarixində bənzər taleyi yaşamış tanınmış şəxsiyyətlər ehtiramla xatırlanıb.

Şagirdlərin ifasında təqdim olunan Mikayıl Müşfiq və Dilbər Axundzadə obrazlarının canlandırıldığı səhnə, eləcə də şairin sevilən şeirləri gecəyə xüsusi emosional ruh qatıb.

Rəsmi hissədə AYB-nin katibi Səlim Babullaoğlu, Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus, təhsil ocağının direktoru Leyla Fətiyeva, Milli Məclisin deputatları, tarixçi alimlər, həmçinin Mikayıl Müşfiq və Dilbər Axundzadənin ailə üzvləri çıxış ediblər.

Natiqlər repressiya dövrünün acı dərslərindən bəhs edərək, gənc nəslin maarifləndirilməsində bu cür layihələrin rolunu xüsusi vurğulayıblar.

Mədəniyyət xadimlərinin ifaları, muğam və musiqi nömrələri, eləcə də Litva xalq rəqsi tədbirə rəngarənglik qatıb.

Sonda fəal iştirakçılara Azərbaycan Yazıçılar Birliyi və Litva səfirliyi tərəfindən diplomlar təqdim olunub.

Yekunda vurğulanıb ki, keçmişin ağrılı səhifələrini unutmamaq, onlardan düzgün nəticə çıxararaq gələcək nəsillərə ötürmək mühüm vəzifədir.

Həmçinin Azərbaycan–Litva dostluq əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.

FOTO: Elnur Muxtar