BAKI, 26 may. TELEQRAF

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Teleqraf İnformasiya Agentliyinin eksklüziv olaraq suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Türkiyə ilə Azərbaycan arasında münasibətlər hazırda strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Qarşıdakı dövrdə bu münasibətlərin siyasi, iqtisadi və institusional baxımdan hansı yeni mərhələlərə keçəcəyini proqnozlaşdırırsınız?

- Türkiyə-Azərbaycan münasibətlərini xarakterizə edərkən istifadə olunan “strateji müttəfiqlik” ifadəsi, əlbəttə, mühüm əhəmiyyət daşıyır. Lakin açıq şəkildə qeyd etmək lazımdır ki, bu anlayış münasibətlərimizin dərinliyini ifadə etməkdə yetərsiz qalır. Çünki strateji müttəfiqlik iki fərqli ölkə və iki ayrı millət arasında qurulur. Halbuki biz “iki ayrı dövlət” olsaq da, “iki ayrı millət” deyilik. Biz birik, birlikdəyik, eyni tarixi yaddaşı, mədəniyyəti və taleyi paylaşan bir bütövük.

Bu baxımdan klassik beynəlxalq münasibətlər terminologiyası Türkiyə ilə Azərbaycan arasındakı bağı təsvir etməkdə çox zaman kifayət etmir. Məsələlərə ortaq tale və gələcək perspektivindən yanaşırıq. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər klassik mənada müttəfiqlikdən daha irəli gedən, ortaq gələcək quran, regional sabitliyə istiqamət verən və dünyaya nümunə olan bənzərsiz birlikdir. Bu güclü bağın ən mühüm dayaqlarından biri Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı son dərəcə səmimi, etimada əsaslanan güclü qardaşlıq və liderlik münasibətləridir. Liderlərimizin həmrəyliyi iki ölkə arasındakı əməkdaşlığın bütün sahələrdə sürətlənməsinə və dərinləşməsinə təsir göstərən əsas amillərdən biri olub.

Parlamentlərimiz arasındakı əməkdaşlıq bu birliyin institusional əsaslarını daha da gücləndirir. Birgə təmsil olunduğumuz parlament assambleyalarında, beynəlxalq platformalarda və çoxtərəfli mexanizmlərdə Türkiyə və Azərbaycan parlamentlərinin əksər hallarda eyni fikri və məzmunu fərqli ifadələrlə dilə gətirdiklərini məmnunluqla müşahidə edirik. Bu isə münasibətlərimizin nə qədər uyğunluq və koordinasiya içində inkişaf etdiyinin ən konkret göstəricilərindən biridir.

Qarşıdakı dövrdə məqsədimiz bu bənzərsiz birliyimizi daha da irəli apararaq, xüsusilə ticarət, enerji, nəqliyyat və müdafiə sənayesi sahələrində daha dərin inteqrasiyanı təmin etməkdir. Parlamentlərimiz arasındakı güclü dialoq və koordinasiya bu prosesin davamlı və dayanıqlı əsaslar üzərində inkişafına bundan sonra da töhfə verməyə davam edəcəkdir.

- TBMM ilə Azərbaycan Milli Məclisi arasında parlamentlərarası dialoq və qarşılıqlı səfərlər münasibətlərin güclənməsinə necə töhfə verib?

- Türkiyə Böyük Millət Məclisi ilə Azərbaycan Milli Məclisi arasındakı parlamentlərarası dialoq iki ölkənin qardaşlıq münasibətlərinin ən möhkəm institusional dayaqlarından birini təşkil edir. Bu səbəbdən iki parlamentin əməkdaşlığı təkcə institusional yaxınlaşma deyil, eyni zamanda bir millətin iki ayrı çətir altında ortaq iradə ortaya qoymasının konkret göstəricisidir.

Aramızdakı güclü bağların simvolik dönüş nöqtələrindən biri Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildə Prezident kimi Ankaraya etdiyi ilk səfər zamanı TBMM Baş Assambleyasında çıxış etməsi və millət vəkilləri tərəfindən ayaqüstə alqışlanması olub. Bu mənzərə münasibətlərimizin strateji müttəfiqlik istiqamətindəki qətiyyətinin parlament səviyyəsində ən güclü ifadələrindən biri kimi tarixə düşüb.

TBMM Azərbaycanın Qarabağ uğrunda haqlı mübarizəsi və ərazi bütövlüyünün qorunması məsələlərində bütün səviyyələrdə fasiləsiz və açıq dəstək göstərib. Bu dəstək beynəlxalq parlament platformalarında da qətiyyətlə ifadə olunub. Qurduğumuz təmaslar sayəsində iki ölkənin parlamentləri arasında güclü etimad, qarşılıqlı anlaşma və ortaq fəaliyyət mədəniyyəti formalaşıb. Beynəlxalq parlament assambleyalarında Türkiyə və Azərbaycanın əksər hallarda eyni mövqedən çıxış etməsi yaxın əməkdaşlığımızın konkret təzahürüdür.

Qarşılıqlı səfərlər millət vəkilləri arasında birbaşa təmas imkanları yaradaraq münasibətlərin insani ölçüsünü daha da gücləndirir. Bunun sayəsində qəbul olunan qərarlar daha sürətlə həyata keçirilir, əməkdaşlıq sahələri isə daha konkret layihələrə çevrilir. TBMM ilə Azərbaycan Milli Məclisi arasındakı parlament əməkdaşlığı Türkiyə-Azərbaycan münasibətlərini irəli aparan, dərinləşdirən və davamlı edən əsas sütunlardan birinə çevrilib.

- Millət vəkilləri arasında birbaşa ünsiyyət və təmasların artırılması münasibətlərin davamlılığı baxımından nə dərəcədə önəmlidir? Bu sahədə yeni mexanizmlər nəzərdə tutulurmu?

- Millət vəkilləri arasında birbaşa ünsiyyət və təmasların artırılması parlamentlər arasında birlik mədəniyyətinin daha da güclənməsinə xidmət edir. Parlament səviyyəsindəki yaxın qarşılıqlı əlaqə “bir millət, iki dövlət” anlayışının dövlətin bütün pillələrində daxili şəkildə mənimsənilməsini təmin edir. Strateji münasibətlərin ən yüksək sənədi olan Şuşa Bəyannaməsi kimi razılaşmaların hər iki ölkənin parlamentlərində təsdiqlənməsi müttəfiqlik münasibətlərini şəxsi dostluq çərçivəsindən çıxararaq beynəlxalq hüquq baxımından məcburedici və institusional bir çərçivəyə yerləşdirib.

Mövcud mexanizmlərin daha səmərəli istifadəsi və yeni əməkdaşlıq sahələrinin inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Xüsusilə parlamentlərarası dostluq qruplarının daha fəal hala gətirilməsi, ortaq komissiya iclaslarının artırılması və beynəlxalq parlament platformalarında daha yaxın koordinasiyanın təmin olunması əsas prioritetlər sırasındadır.

Türkiyə və Azərbaycanın birlikdə iştirak etdiyi üçtərəfli və çoxtərəfli parlament mexanizmlərinin gücləndirilməsi də əsas məqsədlərimizdəndir. Bu çərçivədə TBMM və Azərbaycan Milli Məclisinin Gürcüstan, Pakistan və Şimali Kipr Türk Cümhuriyyəti parlamentləri ilə müxtəlif səviyyələrdə başlatdığı üçtərəfli dialoq və əməkdaşlıq mexanizmləri regional əməkdaşlığın və ortaq məsuliyyət anlayışının gücləndirilməsinə xidmət edir.

- Terrorla mübarizə təhlükəsizlik, siyasi və ictimai ölçüləri əhatə edir. Türkiyənin “terror­suz Türkiyə” hədəfini siz necə xarakterizə edirsiniz? TBMM bu hədəfin reallaşmasında hansı məsuliyyətləri üzərinə götürür?

- “Terrorsuz Türkiyə” hədəfi ölkəmizin hüzurunu, demokratiyasını və ortaq gələcək iradəsini davamlı şəkildə möhkəmləndirmək məqsədini ifadə edir. Söhbət terrorun bütün ünsürləri ilə aradan qaldırıldığı, silah və zorakılığın siyasət müstəvisindən çıxarıldığı, vətəndaşlarımızın bərabər mənsubluq hissi ilə ortaq Vətənimizə sahib çıxmağa davam etdiyi və hüquq müstəvisində ictimai etimad mühitinin gücləndiyi bir Türkiyə idealından gedir.

“Terrorsuz Türkiyə” hədəfi Türkiyənin daxili sabitliyini gücləndirməklə yanaşı, regional sabitliyə də töhfə verəcək. Öz daxilində qardaşlığını möhkəmləndirən Türkiyə Qafqazdan Balkanlara, Yaxın Şərqdən Avropaya qədər uzanan geniş coğrafiyada daha güclü, nüfuzlu və təsirli bir sülh gücünə çevriləcək. Bu məsələdə TBMM-nin məsuliyyəti son dərəcə həyati əhəmiyyət daşıyır.

Məclis milli iradənin mərkəzi kimi həll yolunun legitim platforması, ortaq ağlın ünvanı və demokratik siyasətin əsas institutudur. TBMM-də yaradılan Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının fəaliyyəti çərçivəsində fərqli siyasi baxışları, ictimai tələbləri və sahədən gələn qiymətləndirmələri eyni masa ətrafında bir araya gətirdik və nəticədə yüksək səs çoxluğu ilə qəbul olunan hesabat hazırladıq. TBMM olaraq vəzifəmiz xalqımızın ortaq iradəsini hüquq, demokratiya və səbirli siyasi dil vasitəsilə qalıcı nəticəyə çevirməkdir.


- Qarabağ müharibəsindən sonra yaranan yeni geosiyasi mənzərəni necə qiymətləndirirsiniz? Bu prosesin regional balanslara təsiri necədir? Türkiyə-Azərbaycan münasibətlərində “qardaşlıq hüququ” anlayışının beynəlxalq münasibətlərdəki qarşılığı necədir?

- Türkiyə ilə Azərbaycan ortaq taleyin və mübarizənin sahibidir. Bu səbəbdən aramızdakı bağ təkcə strateji əməkdaşlıq deyil, ortaq ağrıların, sevinclərin və qələbələrin formalaşdırdığı dərin və sarsılmaz qardaşlıq münasibətidir. Qarabağda otuz illik ədalətsizliyin sona çatması və həsrətin bitməsi Türkiyədə də böyük sevinc yaradıb, ortaya çıxan nəticə hamımız üçün dərin qürur mənbəyinə çevrilib. Bakı nə qədər sevinibsə, Ankara da bir o qədər sevinib.

Qarabağ müharibəsindən sonra yaranan mənzərəni yalnız hərbi qələbə kimi qiymətləndirmək yetərli olmaz. Bu proses Cənubi Qafqazda uzun illər davam edən ədalətsiz status-kvonun sona çatdığı və yeni geosiyasi düzənin formalaşmağa başladığı dönüş nöqtəsidir. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi ilə bölgədə artıq keçmişin böhranlarını deyil, gələcəyin əməkdaşlıq imkanlarını müzakirə etdiyimiz yeni mərhələyə qədəm qoyulub.

Bu yeni dövrün ən mühüm istiqamətlərindən biri tranzit və əlaqələndirmə layihələridir. Türkiyə, Azərbaycan, Gürcüstan və gələcəkdə Ermənistanın iştirakı ilə həyata keçiriləcək yeni layihələr, mövcud layihələrlə birlikdə, Cənubi Qafqaz üzərindən Orta Asiyadan Avropaya qədər uzanan fasiləsiz ticarət və nəqliyyat xəttinin əsasını təşkil edərək bölgənin logistika xəritəsini dəyişdirəcək strateji addımdır. Bu inkişaflar Türk dünyasının iqtisadi inteqrasiyasını sürətləndirəcək və regional rifahı artıracaq.

Belə bir geosiyasi mənzərədə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin mahiyyətini düzgün müəyyənləşdirmək böyük əhəmiyyət daşıyır. “Qardaşlıq hüququ” adlandırdığımız anlayış yalnız ortaq maraqlara əsaslanan əməkdaşlıq deyil, ortaq tarix, mədəniyyət, ağrılar və qələbələr üzərində qurulmuş iradə birliyidir.

Qardaşlıq hüququ bu gün yalnız hərbi sahədə deyil, enerji təhlükəsizliyindən müdafiə sənayesinə, nəqliyyatdan mədəni qarşılıqlı əlaqələrə qədər geniş bir sahədə güclü əməkdaşlığı ifadə edir. Qarabağ zəfəri qardaşlıq hüququnu praktik müstəvidə konkret şəkildə ortaya qoymuş, Şuşa Bəyannaməsi ilə münasibətlərimiz hüquqi baxımdan təsdiqlənmiş, institusionallaşmış və regional nizam quran müttəfiqlik modelinə çevrilib.

- Türkiyə və Azərbaycan əməkdaşlığı Cənubi Qafqazın gələcəyini necə formalaşdırır? Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün hansı əsas addımlar atılmalıdır? Bölgə ilə bağlı mövqeyiniz necədir?

- Cənubi Qafqazda yaranmış yeni mənzərəni qiymətləndirərkən məsələyə yalnız bir müharibənin nəticəsi kimi yanaşmaq doğru olmaz. Qarabağ Zəfərindən sonra formalaşan yeni mərhələdə əsas məsələ gələcəyin sülhünü və ortaq rifahını inşa edə bilməkdir. Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq bu yeni dövrün qurucu ünsürlərindən biridir. Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı həmrəyliyi hərbi, siyasi və iqtisadi sahələrdə dərin inteqrasiyaya çevirərək regional balanslar baxımından yeni təhlükəsizlik və sabitlik mühiti formalaşdırmışıq. Məqsədimiz bölgəni rəqabət və qarşıdurma məkanından çıxarıb əməkdaşlıq, inteqrasiya və ortaq inkişaf yaradan bir coğrafiyaya çevirməkdir. Bu yanaşma Türk Dünyası-2040 Vizyonu ilə də uyğun şəkildə bütün institusional strukturları əhatə edən regional memarlığı hədəfləyir.

Bölgədə davamlı sülhün təmin olunması bütün region ölkələrinin ortaq iradə ortaya qoymasından keçir. Əlbəttə, qalıcı sülhün təmin olunması üçün konkret addımların atılması vacibdir. Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyünə hörmət prinsipi əsasında hərtərəfli sülh sazişinin imzalanması, sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat xətlərinin açılması bu prosesin əsas sütunlarıdır.

Bölgədə normallaşma proseslərinin irəlilədilməsi, Qarabağda yenidənqurma və iqtisadi inteqrasiyanın təmin olunması, eləcə də sülh prosesini pozmağa yönəlmiş təxribatlara qarşı ortaq mövqenin nümayiş etdirilməsi böyük əhəmiyyət daşıyır.

Azərbaycan və Ermənistan arasında yekun sülh istiqamətində əldə olunan irəliləyişdən məmnunluq duyur, davamlı sülh sazişinin imzalanmasını arzulayırıq. Türkiyə-Ermənistan normallaşma prosesi də bu inkişaflarla paralel şəkildə davam edəcək.



- Türk Dövlətləri Təşkilatı son illərdə siyasi, iqtisadi və mədəni sahələrdə daha görünən aktora çevrilir. Bu strukturun gələcəkdə daha institusional və təsirli beynəlxalq gücə çevrilməsi üçün hansı addımların atılması vacibdir?

- Türk Dövlətləri Təşkilatının son illərdə nümayiş etdirdiyi inkişaf bu qurumun ortaq gələcək qurmaq iradəsinin institusional ifadəyə çevrildiyini göstərir. Qarşıdakı dövrdə əsas məqsəd TDT-ni qlobal miqyasda təsirli və nəticəyönümlü beynəlxalq təşkilata çevirməkdir. Bu transformasiyanın ən mühüm dayağı Türk Dünyası-2040 Vizyonudur. Vizyonun həyata keçirilməsi hazırlanmış strateji sənədlərin qətiyyətlə icra olunmasından asılıdır. Bu çərçivədə Təşkilatın beynəlxalq görünürlüğünü artırmaq məqsədilə yaradılmış TDT+ mexanizminin səmərəli işlədilməsi və qlobal aktorlarla balanslı münasibətlərin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

İnstitusional potensialın gücləndirilməsi digər əsas istiqamətlərdən biridir. Katibliyin daha effektiv fəaliyyəti, xüsusilə maliyyə və texniki sahələrdə ixtisaslaşmanın artırılması, Ağsaqqallar Şurası kimi təcrübəyə əsaslanan strukturların daha fəal istifadəsi Təşkilatın institusional gücünü artıracaq.
İqtisadi sahədə isə daha konkret addımlar atılmalıdır. Türk İnvestisiya Fondunun daha səmərəli fəaliyyət göstərməsi ortaq layihələrin önünü açacaq, ticarət maneələrinin aradan qaldırılması və nəqliyyat sazişlərinin həyata keçirilməsi ilə regiondaxili iqtisadi əlaqələr güclənəcəkdir.

Türk dünyasını fiziki olaraq bir-birinə bağlayacaq və bölgəni qlobal ticarətin əsas marşrutlarından birinə çevirəcək layihələr xüsusi əhəmiyyət daşıyır. Nəqliyyat, gömrük və rəqəmsal sahələrdə yaradılacaq ortaq modellər regional uyğunluğu və dayanıqlılığı artıracaq. Təhlükəsizlik və siyasi əməkdaşlıq sahəsində yeni yanaşma formalaşır. Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi daha geniş coğrafiyada tətbiq oluna biləcək həmrəylik modelinin ilk nümunəsi kimi qiymətləndirilməlidir.

Bu yanaşmanın zamanla bütün təşkilata yayılması ortaq təhlükəsizlik baxışının formalaşmasına töhfə verəcək. Sosial-mədəni inteqrasiya isə bu prosesin ən əsas dayaqlarından biridir. Ortaq tarix şüurunun qorunması, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və mədəni bağların gücləndirilməsi TDT-nin möhkəm təməllər üzərində yüksəlməsini təmin edəcək.

Liderlərin, parlamentlərin və xalqların iradə və qətiyyəti davam etdiyi müddətdə Təşkilat regional əməkdaşlıq platforması olmaqdan çıxaraq qlobal miqyasda istiqamətverici güc mərkəzinə çevriləcək.

- Türkiyə xarici siyasətində sülhü, diplomatiyanı və regional sabitliyi əsas götürən xətt yürüdür. Bu çərçivədə İranla yarana biləcək mümkün gərginlikdə Türkiyənin hərbi qarşıdurmanın tərəfi olmaqdan uzaq dayanaraq sülhün qorunması və diplomatik həll yollarının gücləndirilməsi istiqamətindəki yanaşmasını necə qiymətləndirirsiniz?

- Türkiyənin xarici siyasəti sülhü, sabitliyi, diplomatiyanı və dialoqu əsas götürən anlayış üzərində qurulub. Biz gərginliyi azaldan, dialoqu gücləndirən və həlli ön plana çıxaran yanaşmanın tərəfdarıyıq. Türk dövlətçilik ənənəsi əsrlər boyu yalnız hərbi gücü ilə deyil, ağlı, uzaqgörənliyi və diplomatiyanı önə çıxaran yanaşması ilə mövcud olub. Güclü olmasına baxmayaraq gücünü kobud şəkildə istifadə edən deyil, lazım gəldikdə çəkindirici qüvvəsini ortaya qoyan, lakin hər zaman sözün, danışıqların və ədalətli həllin tərəfdarı olan anlayışı təmsil edib.

Bu gün də eyni dövlət ağılı ilə hərəkət edən Türkiyə diplomatiyanı mərkəzə alan siyasətini qətiyyətlə davam etdirəcək, gücünü sülhün təmin olunması üçün istifadə edən ölkə olaraq qalacaq. Bu çərçivədə bölgəmizdəki bütün problemlərin həllində əsas yolun diplomatiya və danışıqlar olduğu açıqdır. ABŞ və İsrailin İrana hücum etməsi ilə başlayan və İranın da bəzi region ölkələrinə zərbələri ilə davam edən qarşıdurmada göründüyü kimi, münaqişələr bütün bölgəni əhatə edən qeyri-sabitlik dalğasına çevrilmə riski daşıyır.

Belə bir vəziyyətdə Türkiyə üzərinə düşən məsuliyyəti yerinə yetirib, böhranın daha böyük fəlakətə çevrilməməsi üçün intensiv diplomatik səylər göstərib. Bölgəmizdə yarana biləcək hər cür gərginliyin, xüsusilə İran kimi qonşu və mühüm dövlətlə bağlı ixtilafların hərbi üsullarla deyil, dialoq və diplomatiya yolu ilə həll olunmalı olduğuna inanırıq.

Başda Pakistan olmaqla regional aktorların vasitəçilik və ya asanlaşdırıcı təşəbbüslərini dəstəkləyirik. Unutmamaq lazımdır ki, bu coğrafiyada baş verəcək hər bir gərginlik və hər bir müharibə geniş bir bölgəyə təsir edən nəticələr doğurur. Buna görə davamlı sabitliyin yolu beynəlxalq hüquq çərçivəsində, dövlətlərin suveren hüquqlarına hörmət əsasında və qarşılıqlı etimadın qurulması ilə mümkündür.