BAKI, 5 sentyabr. TELEQRAF
“Çin Sədri Si Cinpinin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammitində İran Prezidenti Məsud Pezeşkianla soyuq davranması ABŞ-yə mesaj idi. Bu mesajla o, Tehranla strateji münasibətlərinin olmadığını göstərdi”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin keçmiş sədri Həşmətullah Fəlahətpişə deyib.
Sabiq deputat bildirib ki, bu görüş Si Cinpinin ABŞ-yə səfərindən əvvələ təsadüf edib və çinli rəsmilər İranla münasibətlərin ölkələrinin qlobal siyasətinə və digər dövlətlərlə əlaqələrinə təsir etməyəcəyini göstərmək istəyiblər: “Əslində, Çin İranın ABŞ-yə qarşı hazırkı siyasətinin davam etməsindən faydalanır və onu Vaşinqton qarşısında özünün “səngər”i kimi görür”.
Fəlahətpişə xatırladıb ki, Çin-ABŞ iqtisadi əlaqələrin həcmi Pekin-Tehran iqtisadi əlaqələrindən 60 dəfə, Çinlə Səudiyyə Ərəbistanı arasındakı iqtisadi əlaqələrin həcmi isə İranla əlaqələrdən 10 dəfə çoxdur.
“Çin İrandan fərqli olaraq bəzi ölkələri və ya xarici əlaqələri dəyişdirilməsi mümkün olmayan məsələyə çevirmir və Tehranla münasibətlərini də sabit strateji tərəfdaşlıq çərçivəsində müəyyənləşdirməyib”, - iranlı siyasətçi əlavə edib.