BAKI, 14 may. TELEQRAF

Fələstin dövlətinin Azərbaycandakı səfirliyi 15 may – Nəkbənin (Böyük Fəlakət) növbəti ildönümü ilə əlaqədar bəyanat yayıb.

Teleqraf xəbər verir ki, bəyanatda 1948-ci ildə yüz minlərlə fələstinlinin öz yurdundan didərgin salınması, şəhərlərinin dağıdılması və icmalarının parçalanması ilə nəticələnən kütləvi köçürülmənin tarixi faciə olduğu vurğulanır.

Səfirlik Fələstin probleminin sadəcə siyasi məsələ deyil, həm də beynəlxalq hüquq, insan haqları və beynəlxalq nizamın əsas prinsipləri məsələsi olduğunu diqqətə çatdırıb:

"1948-ci ildə baş vermiş didərginlik problemi hələ də həllini tapmamışdır. Fələstinli qaçqınların nəsilləri dünyada ən uzun müddətdir didərgin düşmüş əhali qrupları sırasında qalmaqdadır. Fələstin dövlətçiliyi və öz müqəddəratını təyinetmə məsələsi BMT qətnamələrinə və beynəlxalq humanitar hüquqa uyğun ədalətli həllini gözləyir".

Sənəddə Azərbaycanın Fələstinə verdiyi dəstək xüsusi qeyd olunub:

"Səfirlik Azərbaycanın Fələstin hüquqlarına beynəlxalq platformalarda, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində verdiyi prinsipial və ardıcıl dəstəyə görə dərin minnətdarlığını bildirir. Bu həmrəylik Fələstin xalqı və rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir".

Bəyanatın sonunda beynəlxalq ictimaiyyətə çağırış edilib.

Qeyd edilib ki, ədalətli və davamlı sülh üçün Fələstin xalqının paytaxtı Şərqi Qüds olan müstəqil dövlət hüququ təmin edilməli, qaçqınlar məsələsi BMT-nin 194 saylı qətnaməsinə uyğun həll olunmalıdır.

Fələstin tərəfi diplomatiyaya və beynəlxalq hüquqa olan inamını qoruduğunu, sülhə sadiq qaldığını bir daha bəyan edib.