BAKI, 6 may. TELEQRAF
Tacikistan Azərbaycanla su ehtiyatlarının dayanıqlı idarə olunması sahəsində əməkdaşlığın inkişafında maraqlıdır və bu tərəfdaşlığı yüksək qiymətləndirir.
Teleqraf xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmon 25-28 may tarixlərində Düşənbədə keçiriləcək "Dayanıqlı inkişaf üçün su" Beynəlxalq Onillik Fəaliyyətə (2018–2028) dair 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.
Səfir Azərbaycanın qlobal su problemlərinin həllində göstərdiyi dəstəyi xüsusi qeyd edib:
"Biz Azərbaycala su ehtiyatlarının dayanıqlı idarə olunması sahəsində əməkdaşlığı yüksək qiymətləndiririk və əminik ki, birgə səylərimiz ümumi məqsədlərimizin reallaşmasına böyük töhfə verəcəkdir. Azərbaycan tərəfinə konfransda iştirak üçün müvafiq səviyyədə nümayəndə heyəti göndərdiyinə görə minnətdarlığımızı bildiririk".
Diplomat vurğulayıb ki, Düşənbədə keçiriləcək mötəbər tədbirdə rəsmi Bakının geniş tərkibdə təmsil olunacağı gözlənilir.
O, Azərbaycanın dövlət qurumlarının, elmi dairələrinin, özəl sektorunun və vətəndaş cəmiyyəti nümayəndələrinin konfransda fəal iştirak edəcəyinə əminliyini ifadə edib.