BAKI, 29 oktyabr. TELEQRAF
Hər bir müstəqil dövlət hər hansı bir beynəlxalq tədbirə qatılıb-qatılmamaqla bağlı mövqeyini müəyyənləşdirərkən, şübhəsiz ki, ilk növbədə dövlət və milli maraqlarının prioritetlərini müəyyənləşdirir. Bu maraqlar uyğun olduğu təqdirdə həmin tədbirə qatılır, ya da qatılmır, yaxud da müxtəlif səviyyələrdə iştirak edir. Bu isə dövlət protokolu və verilən siyasi qərarlarla bağlıdır.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
"Qardaş ölkədə Türk Dövlətləri Təşkilatının Zirvə görüşü keçirilir və Azərbaycan Prezidenti İlham Əliyev bu görüşə getmədi. Çünki ölkəmizdə əvvəlcədən müəyyənləşdirilmiş daha prioritet tədbirlər var.
Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq. Eyni zamanda bu, o demək deyil ki, əgər Zirvə görüşüdürsə, bütün dövlət başçılarının şəxsən iştirakına dair mütləq öhdəliyi var. Məsələn, 2024-cü ildə Azərbaycanda, Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti keçirilərkən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da tədbirə qatılmamışdı. Yaxud Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) çoxsaylı ölkələrin dövlət başçıları gəlsə də, Türkiyə bu tədbirdə nazir səviyyəsində iştirak etmişdi.
Nəhayət, oktyabrda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə yenə də qardaş ölkə xarici işlər naziri səviyyəsində qatılmışdı. Biz də Türkiyədə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edirik, xarici işlər naziri səviyyəsində təmsil olunuruq. Burada qarşılıqlı diplomatik etika var, amma digər başqa məqamlar da diqqət çəkir, - deyə H.Babaoğlu qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda vahid məktəbli formasının dini simvollarla əlaqələndirilməsi, Türkiyədəki bəzi marginal qrupların bu mövzunu bəhanə edərək dövlətimizə hücum etməsi, Azərbaycan-İsrail münasibətlərini hədəf kimi göstərməsi və bunun qarşısının alınmaması şübhəsiz xarici siyasətdə prioritetlər müəyyələşdirilərkən nəzərə alınan faktorlardır:
"Bu radikal dinçi qruplar az qala bütün İslam dünyasında Azərbaycan əleyhinə anti-təbliğat aparmağa başladılar ki, dini azadlıqlar məhdudlaşdırılır. Əslində isə belə məsələ yox idi. Biz ənənəvi olaraq başqa dövlətlərdən bənzər münasibət gözlədiyimiz halda birdən-birə qardaş Türkiyədən belə reaksiya gəldi. Bütün bunlar dövlətlərarası münasibətlərdə iz buraxdı. Ümid edək ki, bundan sonrakı mərhələdə bir daha oxşar hallar yaşanmayacaq".