ZƏNGİLAN, 16 aprel. TELEQRAF
"Azərbaycan və Rusiya arasında investisiya və sənaye sahəsindəki genişlənən əlaqələrlə yanaşı, nəqliyyat-logistika sektoru da əməkdaşlıq strukturunda getdikcə daha əhəmiyyətli yer tutur".
Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Baş nazirin müavini vurğulayıb ki, ölkələrin bazarlarının effektiv bağlılığı, tranzit marşrutlarının etibarlılığı, həmçinin sərhədyanı və dəmir yolu infrastrukturunun ardıcıl modernləşdirilməsi ikitərəfli ticarət-iqtisadi əlaqələrin dayanıqlığını müəyyən edən əsas amillərdir.
Ş.Mustafayev birgə səylər nəticəsində dövlət sərhədində fəaliyyət göstərən dörd buraxılış məntəqəsi vasitəsilə fasiləsiz yükdaşımaların təmin olunduğunu diqqətə çatdırıb.
O, avtomobil nəqliyyatı ilə daşımaların həcmində müşahidə olunan artım dinamikasını xüsusi qeyd edib:
"2025-ci ilin yekunlarına görə, ölkələrimiz arasında avtomobil yükdaşımalarının həcmi 5,4 milyon tondan çox olub. Bu, əvvəlki illə müqayisədə 9 faiz artım deməkdir".