ZƏNGİLAN, 16 aprel. TELEQRAF
"Azərbaycan ilə Rusiya arasında 2024–2026-cı illər üzrə əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair "Yol xəritəsi"nin icrası uğurla davam etdirilir".
Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Baş nazirin müavini qeyd edib ki, ticarət-iqtisadi əlaqələr ikitərəfli qarşılıqlı fəaliyyətin əsas istiqamətidir və Rusiya Azərbaycanın xarici ticarət dövriyyəsində mühüm yer tutur: “Statistik göstəricilərə əsasən, 2025-ci ilin yekunlarına görə iki ölkə arasında ticarət dövriyyəsi 4,9 milyard ABŞ dollarını keçərək dayanıqlı artım nümayiş etdirib. 2026-cı ilin ilk rübündə isə qarşılıqlı ticarətin həcmi artıq 750 milyon dollara çatıb”.
Ş.Mustafayevin sözlərinə görə, Rusiya bazarı Azərbaycanın qeyri-neft ixracı üçün əsas istiqamət olaraq qalır:
“2025-ci ildə kənd təsərrüfatı ixracı 837 milyon dolları ötüb, meyvə-tərəvəz tədarükündə 31 % (696 milyon dollar) artım qeydə alınıb və Rusiyadan idxal olunan kənd təsərrüfatı məhsulları isə 832 milyon dollardan çox təşkil edib”.
İnvestisiya əməkdaşlığındakı müsbət dinamikanı vurğulayan Baş nazirin müavini bildirib ki, Rusiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı yığılmış investisiyaların həcmi 10,7 milyard dollara çatıb:
“Bu vəsaitin 2,9 milyard dolları məhz qeyri-neft sektoruna yönəldilib”.