BAKI, 15 aprel. TELEQRAF

ABŞ dolları İranla münaqişənin başlanmasından bəri altı həftəlik minimuma düşüb.

Teleqraf xəbər verir ki, Hörnüz boğazının bağlanması, bununla paralel neft qiymətlərindəki kəskin yüksəlişin qlobal iqtisadi artım və inflyasiyaya mənfi təsiləri yönündə narahatlıq yaradıb.

Müharibənin ilk günlərində avro dəyər itkisi yaşasa da son müşahidələrə görə 1,1786 dollar səviyyəsində qərarlaşıb ki, bu da martın 2-də qeydə alınmış maksimuma yaxındır. Funt sterlinq də sabitlik nümayiş etdirərək 1,356 ABŞ dolları səviyyəsində qalıb.

ABŞ valyutasının altı əsas valyutaya qarşı məzənnəsini əks etdirən dollar indeksi isə fevralın 28-də münaqişə başlamazdan əvvəlki səviyyəyə qayıdıb. Martın əvvəlində bu indeks 3% artmışdı.

Fiziki bazarda neftin qiyməti bir barel üçün 140 dolları keçdiyi halda, fyuçers müqavilələri 100 dolların altına enib. Beynəlxalq Valyuta Fondu enerji daşıyıcılarının qiymətlərində kəskin artımı nəzərə alaraq iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib və daha zəif iqtisadi artımın gözlənildiyini açıqlayıb.

Qurumun ən pis ssenarisinə görə, qlobal iqtisadiyyat resessiya ilə üzləşə bilər. Bu halda 2026-cı ildə neftin orta qiymətinin 110 dollar, 2027-ci ildə isə 125 dollar səviyyəsində olacağı proqnozlaşdırılır.