BAKI, 15 aprel. TELEQRAF

Mərkəzi Bankın Qərarı ilə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi təsdiq edilib, eyni zamanda, Ani Ödənişlər Sistemi (AÖS) üzrə ödənişlərdə tətbiq olunan interçeync tarifləri ödəniş kartları üzrə müəyyən edilmiş interçeyncin yuxarı hədləri ilə eyniləşdirilib.

Tənzimləyicidən Teleqraf-a verilən məlumata görə, dəyişikliklərə əsasən, hazırda qüvvədə olan tariflərlə müqayisədə ödəniş kartları üzrə interçeyncin yuxarı hədləri müvafiq təsərrüfat subyektlərinin fəaliyyət sahələri üzrə 0.25% bəndi aşağı salınıb. Əsas hədəf ekvayerlərin xərclərini azaltmaqla nağdsız ödənişlərin qəbulu üzrə təsərrüfat subyektlərinə tətbiq olunan xidmət haqqının aşağı salınmasına şərait yaratmaqdır.

AÖS üzərindən emal olunan QR kod əsaslı ödənişlər vasitəsilə təsərrüfat subyektlərinin nağdsız ödənişlərin qəbulu ilə bağlı olan xərclərinin azaldılması, ödəniş xidmətlərinə əlçatanlığın artırılması və hesab əsaslı ödənişlərin tətbiq dairəsinin genişləndirilməsi hədəflənir. QR kod ödənişlərindən istifadənin artırılması alternativ ödəniş həllərinin formalaşmasına, nəticə etibarilə ödəniş bazarında rəqabətliliyinin yüksəlməsinə zəmin yaradacaq.

Ümumilikdə Mərkəzi Bank tərəfindən interçeync tariflərinin tənzimlənməsi zamanı həm təsərrüfat subyektlərinin, həm də emitent və ekvayerlərin maraqları gözlənilir və nağdsız ödənişlərin qəbulu üzrə xərclər optimallaşdırılmaqla balanslı siyasət tətbiq edilir.

Qeyd edək ki, AÖS-ün xidmət haqqı tarifləri üzrə dəyişikliklər 2026-cı il mayın 1-dən, ödəniş kartları üzrə təsdiq edilmiş interçeyncin yuxarı hədləri isə 2026-cı il iyunun 1-dən qüvvəyə minir.