ZƏNGİLAN, 16 aprel. TELEQRAF

"Azərbaycanda Rusiya kapitallı şirkətlərin sayı 2 100-ü ötüb, onlardan 1 400-dən çoxu hazırda aktiv fəaliyyət göstərir".

Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

Baş nazirin müavini qeyd edib ki, cari ilin aprelin 1-nə olan vəziyyətə görə, qeydiyyatdan keçmiş Rusiya kapitallı şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət kimi iqtisadiyyatın bir çox strateji sahələrində uğurla təmsil olunurlar.

O vurğulayıb ki, Azərbaycanda rusiyalı investorların effektiv və rahat fəaliyyəti üçün bütün zəruri şərait və əlverişli investisiya mühiti yaradılıb.

Çıxışı zamanı Şahin Mustafayev rusiyalı tərəfdaşları işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən investisiya layihələrində daha fəal iştirak etməyə çağırıb.

O, bu bölgələrdə sahibkarlar üçün nəzərdə tutulan misilsiz güzəştlər paketi və 10 illik xüsusi vergi rejimi barədə ətraflı məlumat verib:

“Azad edilmiş ərazilərdə fəaliyyət göstərən investorlar mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən tam azad olunurlar. Həmin ərazilərə texnika, avadanlıq və xammal idxalı zamanı sahibkarlar ƏDV və gömrük rüsumlarını ödəməkdən azad edilirlər. Eyni zamanda, investorlar üçün məcburi dövlət sosial sığorta haqları üzrə də xüsusi güzəştlər tətbiq olunur”.