BAKI, 9 aprel. TELEQRAF

"Azərbaycan və Litva minlərlə ukraynalı üçün ikinci evə çevrilib".

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Xəzər Universitetində Ukraynada davam edən müharibəyə həsr olunmuş sərginin açılışında bildirib.

Səfir deyib ki, bu gün ukraynalıların gözlərində yalnız Rusiyanın ölkədə törətdiyi cinayətlərin doğurduğu ağrı-acı deyil, həm də qlobal həmrəyliyə olan böyük ümid oxunur.

Yuri Qusev Litva və Azərbaycanın göstərdiyi humanitar dəstəyi xüsusi vurğulayaraq qeyd edib: "Mən Azərbaycanla Litva dövlətinə və xalqına göstərilən dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan müharibə dəhşətlərindən qaçan minlərlə ukraynalı üçün ikinci evə, etibarlı sığınacağa çevrilib".

Diplomatın sözlərinə görə, Ukrayna xalqı gələcək nəsillərin azad və firavan yaşaması naminə mübarizəsini davam etdirir.

O, qlobal dünyanın birliyinin və qarşılıqlı dəstəyinin gələcəyə olan inamı daha da artırdığını diqqətə çatdırıb.

Sonda səfir göstərilən bütün köməyə görə bir daha təşəkkür edərək, bu həmrəyliyin tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.