BAKI, 16 mart. TELEQRAF

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın göstərişinə əsasən, ölkədə 2026-cı il “Ailə ili” elan olunub.

Teleqraf xəbər verir ki, bunu BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi səfirlik tərəfindən Ramazan ayı münasibətilə təşkil edilən iftar məclisində deyib.

Səfir bildirib ki, təşəbbüsün əsas məqsədi ailə institutunu cəmiyyətin möhkəm və birləşmiş dayağı kimi gücləndirməkdir:

“Dövlətin 1971-ci ildə yarandığı vaxtdan etibarən ailə məsələləri rəhbərliyin əsas prioriteti olub və bu prinsip BƏƏ Konstitusiyasında öz əksini tapıb”.

Məhəmməd Əl Bluşinin sözlərinə görə, "Ailə ili" çərçivəsində həyata keçirilən tədbirlər Qurucu Ata Şeyx Zayed bin Sultan Əl Nəhyanın "Ailə istənilən güclü cəmiyyətin təməlidir" fəlsəfəsinə və “Əmirlik Ailələrinin İnkişafı üzrə 2031-ci ilə qədər Milli Gündəliyinə” əsaslanır.

Layihənin icrası məqsədilə Ailə İşləri Nazirliyi tərəfindən 20-dən çox federal və yerli hökumət qurumunu birləşdirən milli işçi qrupu yaradılıb. Bu struktur ailənin inkişafı, adət-ənənələrin qorunması və dəyərlərin gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərir.

Diplomat builki təşəbbüsün mübarək Ramazan ayının mənəvi dəyərləri ilə vəhdət təşkil etdiyini vurğulayıb:

“Ramazan ayı ailə üzvlərinin iftar süfrəsi ətrafında bir araya gəlməsi, ünsiyyətin dərinləşməsi və ailə bağlarının sevgi, hörmət əsasında yenidən möhkəmlənməsi üçün mühüm fürsətdir”.