BAKI, 4 fevral. TELEQRAF

Azərbaycan və İsrail arasında süni intellekt sahəsində əməkdaşlığa dair memorandum iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmlənmə dərəcəsini nümayiş etdirir.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Ronen Kraus "X" hesabında paylaşım edib.

"Dünən tarixi memorandumun imzalanması ilə yadda qalan gün olub. Süni intellekt Azərbaycan və İsrail arasında inkişaf edən və möhkəmlənən əlaqələrin güclü simvoludur", - o qeyd edib.

Xatırladaq ki, dünən Azərbaycan və İsrail süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb. Sənədin imzalanma mərasimi İsrailin Baş naziri Benyamin Netanyahunun iştirakı ilə baş tutub. Memorandumu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İsrailin Süni İntellekt üzrə Milli Qərargahının komandiri, briqada generalı Erez Eskel imzalayıblar.