BAKI, 26 dekabr. TELEQRAF

Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlərin ifşa edilməsi və bu əməllərə görə Ermənistanın beynəlxalq hüquq məsuliyyətinin təsbit edilməsi istiqamətində işlər davam etdirilib.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Buna misal olaraq Azərbaycanın ətraf mühitinə vurduğu ağır zərbəyə görə "Avropanın canlı təbiətin və təbii mühitin qorunması haqqında" Konvensiyasına uyğun olaraq Ermənistana qarşı ilk dövlətlərarası arbitraj prosesini, Enerji Xartiyası Müqaviləsi çərçivəsində prosesi, Transsərhəd kontenstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında konvensiya çərçivəsində tədbirləri və irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi üzrə davam edən icraat üzrə beynəlxalq ədalət məhkəməsindəki iddialarımızı qeyd etmək olar".