BAKI, 4 iyul. TELEQRAF
“Bu gün Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar vardır”.
Teleqraf xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin amerikalı həmkarı Donald Trampa ABŞ-nin Müstəqillik Günü ilə əlaqədar ünvanlandığı məktubda yer alıb.
“Hesab edirəm ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur.
İnanıram ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində dost və tərəfdaş ölkələrimiz arasında əlaqələr və əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli genişlənməyə davam edəcəkdir”, - məktubda qeyd edilib.