TBİLİSİ, 27 may. TELEQRAF

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə 26 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən bildirilib.

S.Qafarova Gürcüstan və Azərbaycanın ali qanunverici orqanları arasında çoxtərəfli əlaqələrin və səmimi tərəfdaşlığın daha da möhkəmlənəcəyindən və genişlənəcəyindən məmnunluğunu ifadə edib.

“Xalqlarımızın çoxəsrlik mehriban qonşuluq şəraitində birgə yaşaması fonunda parlamentlərarası sıx və strateji əməkdaşlıqdan xüsusi qürur duyuram. Gürcüstan və Azərbaycan arasında davam edən fəal dialoq və müxtəlif səviyyələrdə əldə olunan səmərəli əməkdaşlığa paralel olaraq, nümayəndə heyətlərimiz beynəlxalq arenada uğurla fəaliyyət göstərirlər və müxtəlif mühüm məsələlərdə bir-birini dəstəkləmələri ilə seçilirlər”, - məktuda deyilir.

Milli Məclisin sədri Azərbaycanla Gürcüstan arasında çoxtərəfli münasibətlərin və səmimi tərəfdaşlığın hər iki ölkənin və xalqların rifahı naminə daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminliyini bildirib.

S.Qafarova gürcü həmkarını öz adından və Milli Məclisin üzvləri adından təbrik edib, dost gürcü xalqına davamlı sülh və tərəqqi arzulayıb.