BAKI, 22 aprel. TELEQRAF

Müharibədən əvvəl və sonra Ermənistan tərəfi xalqı aldadırdı.

Teleqraf xəbər verir ki, bu barədə kanadalı videobloger Albert İsakov “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması: Tarixə baxış və gələcək imkanlar” mövzusunda keçirilən dəyirmi masada bildirib.

“Bu gün müzakirə etdiyimiz mövzu çox həssasdır – Qarabağ. Bu, hər kəsə təsir edən bir faciədir və əlbəttə ki, mənim həyatımı da dəyişdirib.

Lakin bu gün üçün ən vacib məsələ – perspektivlərdir. Gələcək üçün vacib olan da budur. Əlbəttə, keçmişdən danışmadan mümkün deyil, amma əsas diqqət gələcəyə yönəlməlidir. Bu, bir qədər fəlsəfi səslənsə də, əslində bu mövzu bizim gələcəyimizi müəyyənləşdirir.

44 günlük Vətən müharibəsi – Azərbaycanla Ermənistan arasında baş verən bu müharibə hər şeyi xatırladır. Müharibədən əvvəl və sonra Ermənistan tərəfindən aparılan təbliğatı da gördük – xalqı aldadırdılar, yenə qalib gələcəyik deyirdilər. Mən bütün bunların şahidi oldum.

Bu mənə ilk videomu çəkməyə və öz hekayəmi danışmağa səbəb oldu. Videomdan sonra insanlardan çox sayda müsbət rəy aldım.

Bugündən etibarən sülhdən danışmaq istəyiriksə, reallıqdan başlamaq lazımdır. Bu torpaqlarda yaşayan və yaşayacaq insanlardan danışmaq lazımdır. Müharibəyə başlamaq asandır, amma sülh qurmaq çətindir”,- o qeyd edib.