![](https://teleqraf.az/storage/2025/02/13/715x378/whatsapp_image_2025-02-13_at_11.32.04_(1).jpg)
BAKI, 13 fevral. TELEQRAF
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) nümayəndə heyəti fevralın 10-dan 12-dək İspaniya Krallığına səfəri çərçivəsində bir sıra səmərəli görüşlər keçirib.
Teleqraf xəbər verir ki, fevralın 10-11-də Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi, BMTM və Kral Xuan Karlos Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Avropa İttifaqı-Azərbaycan münasibətləri”nə dair konfrans baş tutub.
BMTM-in şöbə müdiri Vasif Hüseynov Cənubi Qafqazda müasir geosiyasi düzənin tarixi kökləri və Ermənistan-Azərbaycan sülh prosesi haqqında danışıb. Üçüncü tərəfin regional məsələlərə müdaxiləsinin zərərli təsirlərinə diqqət çəkən V. Hüseynov bununla da İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra yaranmış əməkdaşlıq imkanlarının vacibliyini vurğulayıb.
BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev Azərbaycanın iqtisadi inkişafı, enerji strategiyaları, xüsusilə yaşıl keçid gündəliyi barədə təqdimatla çıxış edib.
Fevralın 11-də Madriddə yerləşən Complutense Beynəlxalq Araşdırmalar İnstitutunda (ICEI) dəyirmi masa keçirilib. Vasif Hüseynov və Şahmar Hacıyev təqdimatlarla çıxış edərək İCEI tədqiqatçılarının Azərbaycan xarici siyasətinin müxtəlif aspektləri və enerji gündəliyi ilə bağlı suallarını cavablandırıblar.
Həmçinin, fevralın 12-də Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (FESEI) prezidenti Xose Mariya Alvarez de Eulate və baş direktor Miguel Alvarez Moreno ilə görüş keçirilib. BMTM ekspertləri, həmçinin sual-cavab sessiyasında iştirak edərək gənc tədqiqatçıların suallarını cavablandırıblar.