BAKI, 20 may. TELEQRAF
“Şəhər zorakılığı”ndan danışarkən “soyqırım” (genosid) anlayışına qayıtmamaq mümkün deyil. Bu terminlə hamınız tanışsınız və onun böyük mənəvi və hüquqi ağırlığı var.
Teleqraf xəbər verir ki, bunu London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) Coğrafiya və Ətraf Mühit üzrə tədqiqatçısı və Birləşmiş Millətlər Təşkilatı Ətraf Mühit Proqramının (UNEP) Afrikada suya həssas şəhərsalma üzrə məsləhətçisi Din Şarp WUF13 çərçivəsində Azərbaycan pavilyonunda təşkil olunan "Dirçəliş və Urbisid: Dayanıqlı şəhər inkişafı və davamlı icmalar" adlı tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, dünyada “soyqırım” anlayışı çox ciddi bir cinayət kimi qəbul olunur və bu terminə istinad etmək böyük məsuliyyət daşıyır:
"Bununla yanaşı, 1970-ci illərdən etibarən “ekosid” anlayışı da formalaşıb. Bu termin daha çox ətraf mühitin sistemli şəkildə məhv edilməsi ilə bağlıdır və bir çox insan bu anlayışla tanış olsa da, “soyqırım” qədər geniş yayılmayıb.
Digər tərəfdən “urbanisid” (şəhərlərin qəsdən məhv edilməsi) anlayışı var. Bu sahədə müxtəlif tədqiqatlar aparılıb. Məsələn, İsrail–Fələstin münaqişəsi kontekstində bəzi tədqiqatlar yaşayış məntəqələrinin, qaçqın düşərgələrinin və şəhər rayonlarının sistemli şəkildə dağıdılmasını araşdırır. Bu, urbanizasiyanın münaqişə vasitəsinə çevrilməsi kimi qiymətləndirilir.
Hazırda mənim də üzərində çalışdığım mövzu ondan ibarətdir ki, niyə “urbanisid” anlayışını daha ciddi şəkildə nəzəri çərçivəyə daxil etməliyik... Lakin onu da qeyd etmək lazımdır ki, “urbanisid” hələ hüquqi olaraq soyqırım kimi tanınmış bir anlayış deyil və həm akademik, həm də hüquqi səviyyədə bu konsept tam formalaşmayıb", - o qeyd edib