BAKI, 20 may. TELEQRAF
İtaliya Baş naziri Corciya Meloni Aralıq dənizində Qəzza zolağına doğru üzən mülki “Sumud” donanmasından İsraildə saxlanılanlara qarşı rəftarı “qəbuledilməz” adlandırıb.
Teleqraf xəbər verir ki, İsrail səfiri hadisə və İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin açıqlaması ilə əlaqədar İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb.
Corciya Meloni və xarici işlər naziri Antonio Tacani birgə bəyanatlarında bildiriblər ki, Ben-Qvirin sosial mediada paylaşdığı fotoşəkillər qəbuledilməzdir: “Bir çox İtaliya vətəndaşı da daxil olmaqla, bu fəalların insan ləyaqətini alçaldan rəftara məruz qalması qəbuledilməzdir. İtaliya fəallara qarşı rəftara və İtaliya hökumətinin tələblərinə tamamilə məhəl qoyulmadığına görə üzr tələb edir”.
Mətndə həmçinin bildirilir ki, Roma İtaliya vətəndaşlarının dərhal azad edilməsini təmin etmək üçün ən yüksək rəsmi səviyyədə bütün zəruri addımları atır.
İsrail bundan əvvəl Qəzza zolağına gedən “Sumud” donanmasının bütün gəmilərinin saxlanıldığını açıqlayıb. Aralarında bir parlament üzvü və italyanlar da daxil olmaqla, ümumilikdə 430 Fələstin tərəfdarı fəal saxlanılıb. İsrail tərəfinin məlumatına görə, bu donanma HƏMAS üçün piardan başqa bir şey deyil.
Saxlanılanlar İsrailin Aşdod limanına aparıldıqdan sonra Ben-Qvir sosial mediada saxlanılanların gözübağlı və diz çökmüş şəkillərini paylaşaraq, “Terrorçuların əlbirlərini belə qarşılayırıq” sözlərini yazıb.