BAKI, 20 may. TELEQRAF
Portuqaliyanın “Benfika” klubu Joze Mourinyonun İspaniya təmsilçisi “Real Madrid”ə mümkün keçidindən sonra onun əvəzləyicisini müəyyənləşdirib.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, Lissabon təmsilçisi bu posta ispaniyalı baş məşqçi Xavini nəzərdən keçirir.
Bildirilir ki, 46 yaşlı mütəxəssis hazırda heç bir kluba bağlı olmaması onunla danışıqları asanlaşdıra bilər. “Benfika” rəhbərliyi Xavinin hücum futboluna və topa nəzarətə əsaslanan oyun üslubunun klubun fəlsəfəsinə uyğun olduğunu düşünür.
Klub rəhbərliyi məşqçilər korpusunda mümkün dəyişiklik ehtimalını nəzərə alaraq alternativ variantlar üzərində işləyir. Namizədlər arasında “Fulhem”in baş məşqçisi Marko Silva, “Sportinq”in sabiq çalışdırıcısı Ruben Amorim, həmçinin Tiaqo Motta və Andoni İraolanın da adı var.
Xatırladaq ki, Xavi son olaraq 2021-ci ildən 2024-cü ilin yayına qədər “Barselona”nı çalışdırıb. O, Kataloniya təmsilçisi ilə İspaniya La Liqasının və Superkubokunun qalibi olub.