BAKI, 20 may. TELEQRAF

İndiyədək Qarabağ və Şərqi Zəngəzurun 43 yaşayış məntəqəsinə, o cümlədən 9 şəhər mərkəzi və qəsəbəsinə, eləcə də kəndlərinə 85 mindən çox sakinin təhlükəsiz və könüllü qayıdışı təmin edilib.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov WUF13 çərçivəsində keçirilən "Miqrasiya və şəhərlər Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi" adlı tədbirdə deyib.

O qeyd edib ki, azad edilmiş torpaqlarda mövcud olan mina təhlükəsinin yenidənqurma qarşısındakı ən böyük çətinlik olaraq qalır:

"Ermənistanın 30 illik hərbi işğalı dövründə bu ərazilər misli görünməmiş vandalizmə məruz qalıb. Bu gün beynəlxalq ekspertlər bu torpaqları dünyanın minalarla ən çox çirkləndirilmiş ərazilərindən biri hesab edirlər. Ermənistanın dəqiq mina xəritələrini verməkdən imtina etməsi nəticəsində post-münaqişə dövründə 420-dən çox mülki və hərbi şəxs mina partlayışlarının qurbanı olub, onlardan bir çoxu həyatını itirib və ya ağır xəsarətlər alıb”.

Fuad Hüseynov sonda qeyd edib ki, bütün bu mürəkkəb çətinliklərə və mina təhdidlərinə baxmayaraq, Azərbaycan dövləti öz gücü hesabına dağıdılmış əraziləri çiçəklənən regiona çevirməkdə qərarlıdır və dünya birliyinə post-münaqişə dövründə bərpa və reinteqrasiyanın mükəmməl bir modelini təqdim edəcək.