BAKI, 20 may. TELEQRAF
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) miqrasiya idarəçiliyində yerli hakimiyyət orqanlarının rolu və qlobal resurs çatışmazlığı məsələləri müzakirə edilib.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Şəhərlər və Yerli Hökumətlər (UCLG) Təşkilatının Baş Katibinin köməkçisi Pablo Fernandes Marmisolye WUF13 çərçivəsində təşkil olunan “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” adlı yüksək səviyyəli paneldə çıxışı zamanı deyib.
O, miqrasiya və mənzil təminatı mövzusunun dünyada merlər və yerli idarəetmə səviyyəsində artıq nəhəng bir miqyas aldığını diqqətə çatdırıb:
“Biz qarşıya çıxan çətinliklərdən danışarkən, problemi miqrasiya fenomeninin özündə görməməliyik. Əsas çağırış — bu insanlara xidmət göstərəcək düzgün və effektiv dövlət siyasətinin hazırlanmasıdır. Şəhərsalma ilə miqrasiya arasındakı əlaqə artıq tam bir reallıqdır”.
UCLG rəsmisi vurğulayıb ki, 2050-ci ilə doğru gedən prosesdə dünyanı formalaşdıracaq iki əsas meqa-trend məhz sürətli urbanizasiya və insan mobilliyidir. Bu səbəbdən Beynəlxalq Miqrasiya Təşkilatı (BMgT) və Merlərin Miqrasiya Şurası ilə birlikdə yerli səviyyədə 200-dən çox uğurlu idarəetmə keysini araşdırdıqlarını bildirib:
“Biz insan mobilliyi haqqında danışarkən, bunu sadəcə elmi terminlərlə ifadə etməməliyik; ortada real insanlar var. Və bu insanların mənzilə, təmiz ətraf mühitə, həyatlarını davam etdirmək üçün enerjiyə ehtiyacı var. Hazırda yerli hakimiyyətlər bu insanları şəhərlərin ictimai həyatına və idarəetmə mexanizmlərinə inteqrasiya etmək riskini və məsuliyyətini bölüşürlər”.