BAKI, 20 may. TELEQRAF
Zəngəzur dəhlizi Cəbrayıl, Qubadlı və Zəngilanın iqtisadi inkişafını gücləndirəcək əsas layihələrdən biridir.
Teleqraf xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Dirçəliş və Urbisid: Dayanıqlı şəhər inkişafı və davamlı icmalar" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, tarixən bu bölgə İpək Yolunun üzərində yerləşib və Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayıb:
"Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas regional bağlantı mərkəzinə çevrilir. Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsini bərpa etməyəcək, həm də Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarını birləşdirən strateji bağlantı olacaq".