BAKI, 20 may. TELEQRAF

Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyası tikilir.

Teleqraf xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Dirçəliş və Urbisid: Dayanıqlı şəhər inkişafı və davamlı icmalar" adlı tədbirdə deyib.

O bildirib ki, əlavə 100 meqavatlıq layihə də həyata keçirilir: "Bundan başqa, ümumi gücü təxminən 45 meqavat olan beş su elektrik stansiyası mövcuddur. Bu enerji yalnız Qarabağın təminatı üçün kifayət etmir, artıq hissəsi digər ölkələrə ixrac da oluna bilər".

Vahid Hacıyev əlavə edib ki, Cəbrayıl, Qubadlı və Zəngilanın iqtisadi potensialı olduqca böyükdür: "Bu rayonların inkişafını şərtləndirəcək əsas sahələrə kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, logistika, turizm, alternativ və bərpa olunan enerji daxildir. Güclü iqtisadi təməl dayanıqlı inkişafın əsas amillərindən biridir".