BAKI, 20 may. TELEQRAF

Rəhbərlik etdiyi “Ermənistan” seçki blokunun kampaniyası zamanı Robert Köçəryan gözlənilməz halla üzləşib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Seçicilərlə görüş zamanı vətəndaşlardan biri Köçəryana yaxınlaşaraq soruşub:

“Cənab Köçəryan, niyə bizə atəş açdınız?”.

Köçəryanın nə vaxt olduğunu soruşduqda, vətəndaş sözünə davam edib:

“Niyə xatırlamırsınız? Qor Kloyan yadınızdan çıxıb? Onun uşağı sənin ucbatından yetim böyüdü. Görəsən, bu insanların qarşısına hansı üzlə çıxırsınız?”.

Xatırladaq ki, söhbət 2008-ci il martın 1-də İrəvanda hakimiyyətə qarşı keçirilən dinc aksiyaların iştirakçılarına hökumət qüvvələri tərəfindən odlu silahlardan atəş açılmasından gedir. Qanlı olay zamanı Qor Kloyanla birlikdə 10 nəfər həyatını itirib. Robert Köçəryan, Seyran Ohanyan, Yuri Xaçaturov, Armen Gevorqyan və digərləri bu cinayət üzrə ittiham edilir.