BAKI, 20 may. TELEQRAF

“Kiberaya getmək mənim üçün gözləntilərlə reallığın qarşılaşması oldu. Kifayət qədər qeyri-kafi, inkişafdan geri qalmış həmin ərazidə gənclər tərəfindən tikilmiş bir məktəb gördüm. Həmin gənclər orada uşaqlara plastik şüşələrin, kağız stəkanların və suyun təkrar istifadəsi kimi dayanıqlı ekoloji təcrübələri öyrədirdilər. Bu mənə göstərdi ki, əsas məsələ qarşılaşdığımız çətinliklər deyil, dəyişiklik yaratmaq istəyən insanların daxili iradəsidir. Miqrant gənclər şəhərlərə yeni baxış bucağı və iqtisadi-mədəni dayanıqlılıq gətirirlər”.

Teleqraf xəbər verir ki, bunu Qoşulmama Hərəkatının İcraiyyə Şurasının sədri Leyla Həsənova WUF13 çərçivəsində keçirilən "Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi" adlı tədbirdə deyib.

​Şəhərləri yaşanıqlı edən əsas amilin uşaqlar, bağçalar və məktəblər olduğunu deyən L.Həsənova, şəhərsalma strategiyalarında uşaq və gənclərin fikirlərinin ən başından nəzərə alınmasının vacibliyini vurğulayıb:

​“Əvvəllər iqlim dəyişikliyi və ətraf mühit çağırışları müzakirə olunarkən, müvafiq sənədlər imzalanarkən və qərarlar qəbul edilərkən gənclər prosesin ilkin mərhələlərinə daxil edilmirdilər. Masa arxasında uşaqlar və gənclər əyləşmirdi. İndi isə dinamika müsbətə doğru dəyişir, şəhərsalma və inkişaf layihələrində gənclərlə məsləhətləşmələr aparılır. Lakin bu inklüzivlik sadəcə simvolik xarakter daşımamalıdır. Gənclər prosesin sadəcə sıravi iştirakçıları deyil, əsas maraqlı tərəfləridir”.

​İcraiyyə Şurasının sədri qeyd edib ki, gənclər təklif və məsləhətlərinin real qərarlarda və şəhərsalma siyasətlərində öz əksini tapmasını istəyirlər:
​“Şəhərlərdə sosial həmrəylik və daxili birlik yalnız o zaman qurulur ki, orada azyaşlı bir uşaq da daxil olmaqla hər kəsin rəyi və fikri nəzərə alınsın. Çünki gənclər cəmiyyətdə məsuliyyət və aidiyyat hissinin formalaşmasında ən güclü müdafiəçilərdir”.