BAKI, 20 may. TELEQRAF

Mənzil siyasəti yalnız yaşayış sahələrinin tikintisi deyil, eyni zamanda sosial rifahın, təhlükəsizliyin və şəhərlərin dayanıqlı inkişafının təmin edilməsidir.

Teleqraf xəbər verir ki, bunu Türkiyə parlamentinin (TBMM) İctimai işlər, yenidənqurma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?" mövzusunda parlament üzvlərinin dəyirmi masasında deyib.

O bildirib ki, Türkiyədə sosial mənzil siyasəti dövlətin konstitusion öhdəliyi kimi həyata keçirilir və bu istiqamətdə TOKİ vasitəsilə genişmiqyaslı layihələr reallaşdırılır.

Adil Karaismailoğlu qeyd edib ki, yaşayış kompleksləri məktəb, park, iş yerləri və digər sosial obyektlərlə birlikdə planlaşdırılır:

“Türkiyədə baş vermiş zəlzələlərdən sonra 11 vilayətdə genişmiqyaslı bərpa işlərinə başlanılıb, yüz minlərlə yaşayış və kommersiya obyekti yenidən inşa olunur”.

TBMM rəsmisi əlavə edib ki, şəhərlərin gələcək inkişafında təhlükəsiz və dayanıqlı yaşayış mühitinin formalaşdırılması əsas prioritetlərdən biri hesab olunur.