BAKI, 20 may. TELEQRAF

Miqrasiya və şəhərsalma siyasətləri bir-birini tamamlamalıdır.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, növbəti dəfə Bakının beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun və qlobal müzakirələrə verdiyi töhfənin göstəricisidir:

"Forum çərçivəsində müxtəlif istiqamətlər üzrə müzakirələr aparılır və əsas mövzulardan biri də miqrasiya ilə şəhərlər arasındakı əlaqədir.

O, bildirib ki, dünyada miqrasiya prosesləri sürətlə artır:

"Son beynəlxalq miqrasiya hesabatına əsasən, dünyada 304 milyon miqrant var, daxili miqrasiya göstəriciləri isə bundan bir neçə dəfə çoxdur. Hazırda dünya əhalisinin 50 faizdən çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu rəqəmin 70 faizə çatacağı proqnozlaşdırılır. Bu isə miqrasiya və urbanizasiya əlaqəsini daha da аktual edir".

O qeyd edib ki, insanların yeni şəhərlərə inteqrasiyası, dövlət və sosial xidmətlərə çıxışı, bərabər imkanların təmin olunması, eləcə də həssas qruplara yönəlmiş tədbirlər xüsusi diqqət tələb edir:

" Tədbirdə şəhərsalma siyasəti ilə miqrasiya siyasətinin qarşılıqlı şəkildə bir-birini tamamlamasının vacibliyi vurğulanıb. Məqsəd dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılması, həmçinin miqrasiya siyasətinin bu istiqamətdə verə biləcəyi töhfələrin müzakirəsi olub.

Miqrasiya prosesləri daha çox şəhərlərdə təzahür edir və onların düzgün şəhər idarəetməsi vasitəsilə effektiv şəkildə tənzimlənməsi mümkündür.

Tədbirdə həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən şəhərsalma yanaşmaları barədə də fikir mübadiləsi aparılıb".