Münaqişə nəticəsində tamamilə dağıdılmış ərazilərin bərpası və onların dayanıqlı imkanlar məkanına çevrilməsi təkcə Azərbaycan üçün deyil, qlobal birlik üçün də böyük əhəmiyyət kəsb edir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda təşkil olunan "Dirçəliş və Urbisid: Dayanıqlı şəhər inkişafı və davamlı icmalar" adlı tədbirdə çıxışı zamanı deyib.

O, otuzillik işğal dövründə törədilmiş dağıntıların miqyasını diqqətə çatdırıb:

​“Videomaterialda da gördüyünüz kimi, vaxtilə insanların sülh, ləyaqət və rifah içində yaşadığı şəhər və kəndlərdən geriyə yalnız xarabalıqlar qalıb. Ermənistanın həyata keçirdiyi bu proses binaların dağıdılmasından qat-qat dərindir. Bu, insan məskənlərinin və şəhər həyatının qəsdən məhv edilməsini ifadə edən "urbisid" (şəhərlərin məhvi) fenomeninin faciəvi nümunəsidir. Bu proses ekoloji fəsadlarla — "ekosid" və tarixi-mədəni, mənəvi irsimizin silinməsinə yönəlmiş "mədəni soyqırım" (kulturasid) ilə müşayiət olunub”.

​Vahid Hacıyev azad edilmiş torpaqlarda yenidənqurma işlərinin qarşısında duran ən böyük maneənin mina problemi olduğunu qeyd edib: ​“Bu ərazilər otuz il ərzində minalarla kütləvi şəkildə çirkləndirilib. Bərpa prosesinin bəzi sahələrdə ləngiməsinin əsas səbəbi məhz budur. Lakin ANAMA və digər minatəmizləmə qruplarımızın fədakar əməyi sayəsində bu təhlükə addım-addım aradan qaldırılır”.

Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş və 2022–2026-cı illəri əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na toxunan xüsusi nümayəndə mühüm statistik göstəriciləri açıqlayıb:

​“Biz artıq bu ilin sonunda birinci proqramın tamamlanmasının şahidi oluruq. Artıq 80 mindən çox vətəndaşımızın öz doğma yurdlarında məskunlaşması prosesi reallaşır. Yenidənqurma zamanı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) əsas götürürük. Baş planlarımızın təməlində "ağıllı şəhər" (smart city) və "ağıllı kənd" (smart village) konsepsiyaları, yaşıl enerji və ekoloji cəhətdən təmiz innovasiyalar dayanır. Biz yalnız dağıdılanları bərpa etmirik, gələcək nəsillər üçün daha yaxşı, daha inklüziv və dayanıqlı yaşayış sahələri qururuq”.​

Vahid Hacıyev vurğulayıb ki, azad edilmiş rayonların iqtisadi potensialı olduqca genişdir və davamlı inkişaf iqtisadi təməl olmadan qeyri-mümkündür:

​“Cəbrayıl, Qubadlı və Zəngilanın kənd təsərrüfatı, dağ-mədən sənayesi, nəqliyyat-loqistika, turizm və alternativ enerji sahələrində nəhəng potensialı var. Biz vətəndaşlarımızın yalnız mənzil ehtiyacını qarşılamırıq; onların iş yerlərinə, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə, təmiz suya və bərpa olunan enerjiyə çıxışını təmin edərək uzunmüddətli, güclü iqtisadi təməlləri olan icmalar yaradırıq”.