BAKI, 20 may. TELEQRAF
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ötən üç onillikdə dünyada əhalisinin sayına görə ən böyük məcburi köçkün kütləsi ilə üz-üzə qalan ölkələrdən biri olub.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov WUF13 çərçivəsində keçirilən "Miqrasiya və şəhərlər Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, 10 milyonluq ümumi əhalimizin təxminən 10 faizini — 1 milyona yaxın insanı qaçqın və məcburi köçkünlər təşkil edirdi:
"Dövlətimiz bu illər ərzində köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün qətiyyətli addımlar atıb, 320 mindən çox insan müasir yaşayış sahələri ilə təmin olunub".
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi ölkə tarixində yeni silsilə inkişaf mərhələsinin əsasını qoyub:
"Bu çərçivədə qəbul edilən və 5 illik dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının uğurla davam edir.
Bu strateji proqram hazırlanarkən qlobal inkişaf prioritetləri, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və "Heç kimi geridə qoymamaq" prinsipi tam əsas götürülüb. Hazırda Qarabağ və Şərqi Zəngəzurda şəhərlərin bərpası "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarına, həmçinin yaşıl enerji prinsiplərinə uyğun qurulur. Çox qısa müddətdə 12 rayonda 11-i şəhər olmaqla ümumilikdə 91 yaşayış məntəqəsinin baş planı təsdiqlənib. Bu, müasir şəhərsalma və memarlıq təcrübəsində olduqca nadir və böyük bir uğurdur”.