BAKI, 20 may. TELEQRAF
Bələdiyyələrin böhranlar zamanı dayanıqlı və çevik fəaliyyət göstərməsi üçün yerli idarəetmə potensialının gücləndirilməsi vacibdir.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin proqramların idarə edilməsi üzrə baş əməkdaşı Aline Matta Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
O qeyd edib ki, iqlim dəyişiklikləri, infrastruktur problemləri, münaqişələrdən qaynaqlanan köç və iqtisadi böhranlar fonunda yerli hökumətlər ən önəmli cavabverici qurumlara çevrilir.
Aline Matta vurğulayıb ki, şəhərlərin fövqəladə hallara hazırlığı yalnız böhran anında reaksiya verməklə məhdudlaşmır, eyni zamanda risklərin əvvəlcədən qiymətləndirilməsi, xidmətlərin davamlılığının təmin edilməsi və həssas qrupların qorunmasını da əhatə edir:
“Rəqəmsal alətlər, məlumat bazaları və ictimai iştirakçılıq böhranların idarə olunmasında mühüm rol oynasa da, effektiv hazırlıq üçün əsas amillər institusional koordinasiya, ictimai etimad və insan mərkəzli yanaşmadır”.