BAKI, 19 may. TELEQRAF
Şərqlə Qərbin kəsişməsində yerləşən ölkəmiz öz coğrafi mövqeyini strateji üstünlüyə çevirərək, regional inteqrasiyanın, dayanıqlı şəhər inkişafının və beynəlxalq tərəfdaşlığın mərkəzinə çevrilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumununun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.
C. Bayramov infrastruktur, şəhərsalma, müasir nəqliyyat dəhlizləri və sənaye sahələrinin inkişafının bir-biri ilə sıx bağlı olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, əmək bazarındakı dinamika, investisiya axını və əhalinin məskunlaşması birbaşa iqlim dəyişikliyi amilləri ilə əlaqəlidir və şəhərlər uzunmüddətli, dayanıqlı iqtisadi mənfəətlərin əldə olunmasında əsas təminatçıdır.
XİN rəhbəri vurğulayıb ki, rəsmi Bakı məhz bu baxış bucağından çıxış edərək, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işlərini uğurla davam etdirir:
"Dağıntılara məruz qalmış şəhər və kəndlərimiz demək olar ki, tamamilə yenidən qurulur. Bu prosesdə ağıllı idarəetmə prinsiplərinə tətbiq edilir, iqlim dəyişikliyinin fəsadları nəzərə alınır. Görülən işlər müasir yolların, yeni data və bağlantı mərkəzlərinin yaradılması deməkdir. Cari layihələrə indiyədək 50 milyard dollardan çox sərmayə yönəldilib".
Nazir bu nəhəng fəaliyyətin ölkəmizin post-münaqişə dövründəki mühüm töhfəsi və sülh quruculuğu prosesinin təməl hissəsi olduğunu qeyd edib.
Diplomat çıxışında Azərbaycanın suverenliyini tam bərpa etməsinin regional dinamikaya güclü təkan verdiyini, bununla da Cənubi Qafqazda uzun illər davam edən qeyri-sabitlik dövrünün artıq yerini tərəfdaşlıq və əməkdaşlıq mərhələsinə verdiyini bəyan edib.