BAKI, 18 may. TELEQRAF
"İnkişaf etməkdə olan ölkələrdə sürətlə böyüyən şəhərlərdən tutmuş kirayə haqlarının artdığı və evsizliyin yüksəldiyi inkişaf etmiş iqtisadiyyatlara qədər heç bir cəmiyyət mənzil böhranı problemindən sığortalanmayıb".
Teleqraf xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində tədbir iştirakçılarına videomüraciətində deyib.
O qeyd edib ki, WUF13 insanları münaqişələr, artan enerji xərcləri və ərzaq qiymətlərinin yüksəlməsi təhlükəsi də daxil olmaqla qlobal böhranların artdığı bir dövrdə bir araya gətirib:
“Bugünkü gündəlik isə daha az danışdığımız bir problemə — qlobal mənzil böhranına həsr olunub. Təxminən 3 milyard insan qeyri-adekvat mənzillərdə yaşayır, çox vaxt qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda məskunlaşır.
Tələbəlik illərimdə Lissabonun ən kasıb məhəllələrində könüllü fəaliyyət göstərərkən mənzilin insanların sağlamlığına, təhsilinə və gələcəyinə nə qədər dərin təsir göstərdiyini öz gözlərimlə gördüm. Baş katib kimi qürur duyuram ki, Gələcək üçün Pakt və Doha Siyasi Bəyannaməsi mənzili prioritet məsələ kimi tanıyır. Həmçinin Yeni Şəhər Gündəliyinin qarşıdan gələn 10 illik icmalını alqışlayıram”.
O vurğulayıb ki, mənzili dayanıqlı inkişafın mərkəzinə yerləşdirməyin vaxtıdır:
“Adekvat, təhlükəsiz və əlçatan mənzillərə çıxışı genişləndirməklə, qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduları transformasiya etməklə, həmçinin sosial gərginliyi artıran bərabərsizlikləri aradan qaldırmaqla. Mənzil insan hüququdur və insan ləyaqəti üçün fundamental əhəmiyyət daşıyır. Qoy bu Ümumdünya Şəhər Forumu bunu hamı üçün ortaq reallığa çevirmək yolunda bir katalizator olsun. Birlikdə heç kimi geridə qoymadan dünyanı mənzillə təmin edə bilərik”.