Nazirlər Kabinetinin müvafiq sərəncamı icraya yönəldilib

Ötən il Azərbaycanda mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərə uyğun 9 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) qeydiyyatdan keçib. Bununla da dövlət qeydiyyatına alınan mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 18-ə çatıb.

2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsinə görə, binaların 3 tip idarə forması var. Birinci tip sakinlərin razılığı ilə yaratdığı qurumun idarəçiliyidir ki, buna "kondominimum" deyilir.

Qanunvericilikdə kondominimumlar MMMC adlanır. Cəmiyyət binanın idarə edilməsinə baxır. Rəhbər isə bina sakinləri arasından seçki yolu ilə müəyyənləşdirilir. Yəni idarəçiliklə bağlı bütün qərarları sakinlər verir.

İkinci halda mənzillərin idarə olunması şirkətlərə tapşırılır. Sakinlər binanın idarəsində iştirak etmək istəməsələr, bunu xüsusi şirkətlərə həvalə edə bilərlər.

Üçüncü forma isə əsasən azmərtəbəli, kiçik binalarda olur. Bina mənzil sahiblərinin idarəsinə verilir.

MMMC-lərin fəallığı Bakı şəhərində ən çox Binəqədi rayonunda müşahidə olunur. 2013-cü ildən Binəqədi rayon İcra Hakimiyyəti pilot layihə çərçivəsində rayon ərazisində rəsmi qeydiyyatdan keçən "Binəqədi-1" və "Binəqədi-2" MMMC-lərin fəaliyyətə başlamasına kömək göstərib.

"Binqədi-1" MMMC-nin sədri Zakir Quliyev qəzetimizə açıqlamasında bildirmişdi ki, qurumun nəzdində üç 9 mərtəbəli bina, yəni 248 mənzil var. MMMC bu binaların keyfiyyət göstəriciləri barədə məlumatsızdır, qeyri-yaşayış sahələri, zirzəmi, dam və sair hələ də Əmlak Məsələləri Dövlət Komitəsinin nəzdindədir, binaların texniki pasportu yoxdur və sair.

Zakir Quliyevin sözlərinə görə, MMMC-nin büdcəsinin formalşamasında problemlər olduğu üçün bu sahədə görülən işlər Binəqədi İH-in hesabınadır.

Binəqədi rayon İH ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Asəf Vəliyevin sözlərinə görə, ötən il ərzində Binəqədi rayonunda daha bir MMMC - "Binəqədi-3" fəaliyyətə başlayıb. Mühüm yeniliklərdən biri də Nazirlər Kabinetinin məsələ ilə bağlı verdiyi 261 saylı sərəncamıdır ki, bu sərəncamın icrası yuxarıda sadalanın problemlərin həllinə təkan verəcək: "MMMC-lərin fəaliyyəti üçün ilk növbədə bu qurumların nəzdində olan binaların əmlak olaraq təhvil verilməsidir. Nə qədər ki, bina bütövlükdə o MMMC-lərin balansına keçməyib, o vaxta qədər qurumun fəaliyyətində çətinliklər olacaq.

Nazirlər Kabinetinin 261 saylı sərəncamı da məhz əmlakların MMMC-lərin balansına verilməsi ilə bağlı olub. Qeyd edim ki, "Binəqədi 1" - İbrahimpaşa Dadaşov 91, 91"a" və Süleyman Sani Axundov 4, "Binəqədi 2"- Naxçıvani küçəsi 33 "a", "Binəqədi 3" isə Naxçıvani küçəsi 4 "b" saylı binada yaradılıb.

Sərəncamda birbaşa göstəriş verilir ki, Bakı şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyinin yaratdığı birgə komissiya nəticəsində adını qeyd etdiyim binalar yaşayış və qeyri-yaşayış sahələri ilə birlikdə həmin MMMC-lərə təhvil verilsin. Ötən ilin dekabrında Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin akt zalında toplantı keçirildi və bu komissiya təşkil olundu. Artıq bu komissiya fəaliyyətə başlayıb və bununla da o binaların ən böyük problemi öz həllini tapmış olur. O binaların texniki pasportunun verilməsi, MMMC-lərin büdcəsinin formalaşması məsələsinə də bundan sonra baxılmış olacaq".

Qeyd edək ki, sakinlərin maariflənməsi, məsləhət xidmətləri, ictimai məlumatlılıq işlərinin həyata keçirilməsi məqsədi ilə Binəqədi İH Mənzil İdarəçiliyi Resurs-İnformasiya Mərkəzi də yaradıb. Mərkəzin yaradılmasında məqsəd Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq yeni idarəetmə prinsipləri barədə əhalini məlumatlandırmaq və tələb olunan məlumatları verməkdir.

Asəf Vəliyev hesab edir ki, sərəncamın icrası Resurs Mərkəzinin fəaliyyətini daha da canlandırmağa dəstək verəcək.

Çoxmənzilli binaların idarə edilməsi mexanizmləri üzrə ictimaiyyəti dəfələrlə məlumatlandıran iqtisadçı Samir Əliyevin sözlərinə görə, Mingəçevirdə, Sumqayıtda, Gəncədə də bələdiyyələrin nəzdində belə resurs mərkəzləri fəaliyyətə başlayıb: "Bu sahədə fəaliyyətin gücləndirilməsi üçün əhalinin maarifləndirilməsi çox vacibdir".

Samir Əliyev dedi ki, mənzillərin yeni üsulla idarə olunması üçün qanunvericilikdə təkmilləşmələrə ehtiyac var: "Azərbaycanda mənzillərin idarə olunması hələ də kütləvi şəkildə "JEK"-lərin xidmətindədir. Bu xidmət əhalini qane etməsə də, qanunvericilik alternativ qurumların yaradılmasını tanısa da, bu məsələ praktikada öz həllini tapmır. Ona görə də qanunvericilikdə dəyişiklər aparılması, kondominimum yaradılması və çoxalması sürətləndirilməlidir.

Doğrudur, bəzi MDB və Avropa ölkələrində də bu sahədə vəziyyət heç də sürətlə getmir. Çünki sosial dinamika forması olsa da, bu sahəyə dövlət dəstəyi və insanların özünün maliyyə töhfəsi vacibdir. Yəni MMMC-lər yaranmaqla bu sahədə bütün problemlərin öz həllini tapacağını düşünmək doğru olmaz.

Amma hər halda mənzillərin yeni idarəetmə üsuluna biz hökmən keçməliyik. Çünki Konstitusiya da tələb edir ki, hər bir vətəndaş öz mülkiyyətinə ümumi baxışlara uyğun qərar qəbul edə bilər.

Kondominimumların kütləvi fəaliyyəti həm də büdcə yükünün azaldılmasına dəstək ola bilər. Çünki bu sahəyə ayrılan pulların hansı təyinat üzrə xərclənməsinin hesabatlılığı yoxdur.

Ayrılan məbləğ bələdiyyələr vasitəsilə bu cür MMMC-lərə yönləndirilsə, ictimai nəzarət güclü olar və çoxmənzilli binaların idarə edilməsi problemi öz həllini tapar. Bu gün MMMC-lərin nəzdində olan binaların yerləşdiyi ərazilərin sərhədlərinin müəyyənləşməsi, mənzillər özəllşdirilmiş olsa da, binanın zirzəmisinin, damının dövlətin balansında qalması və bu kimi digər problemlər həll yolunu gözləyir".

Ekspert mənzil idarəçiliyi ilə bağlı problemlərin həllində maliyyə və kadr resursları probleminin də həll edilməsinə ehtiyac olduğunu dedi: "Mənzil islahatlarının aparılması üçün əlahiddə səlahiyyətləri olan agentlik və ya departament, yaxud institut fəaliyyət göstərməlidir. Hansısa icra hakimiyyətinin, yaxud bələdiyyənin nəzdində bir resurs mərkəzinin fəaliyyəti düşünürəm ki, bu cür qurumların fəaliyyətinə yalnız maarifləndirmə və kiçik dəstək göstərə bilər".

Sevil Hilalqızı