BAKI, 7 sentyabr. TELEQRAF

Tarixi abidələrimizin qorunması hər bir vətəndaşımızın müqəddəs vəzifəsi sayılmalıdır.

Bunu Teleqraf-a açıqlamasında “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib.

Sevinc Orucova bildirib ki, qorunması vacib sayılan abidələrimiz Bakıda da var, ölkənin digər şəhər və regionlarında da, əsas odur ki, tarixi irsimiz gələcək nəsillərə olduğu kimi, korlanmamış çatdırılsın:

"Həmişə düşünmüşəm ki, Şuşa və ümumilikdə azad olunmuş ərazilərimizin hər qarışının bizim üçün ayrıca özəlliyi var. Bu torpaqların hər addımında bir qəhrəmanın qan izi, igidlərimizin son baxışı qalır. Onlar canlarını bu torpaqlar uğrunda fəda ediblər. Ona görə də həmin torpaqlara o qədər həssas yanaşmalıyıq ki, üzərində addımlamağa belə ehtiyat edək.

Şəhidlərin canı bahasına azad edilən torpaqlar göz bəbəyi kimi qorunmalıdır. Bu torpaqlar şəhidlərimizin bizə mirasıdır. Şuşa 2020-ci ilə qədər tariximizin və mədəniyyətimizin beşiyi idisə, noyabrın 8-dən sonra həm də qəhrəmanlığımızın simvoluna çevrildi. Qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi primitiv üsullarla, qayaların üzərinə boya ilə yazılar yazmaqla olmamalıdır".

O vurğulayıb ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün Azərbaycanda artıq möhtəşəm layihələr həyata keçirilir:

"Biz bunu Xankəndidəki Zəfər tağında, Zəfər Muzeyində, Bakıda ucaldılan Zəfər abidəsində, bərpa olunan Şəhidlər xiyabanlarında görürük. Biz hər il təşkilat olaraq şəhid analarını Çanaqqalaya aparırıq. Orada şəhidlərin xatirəsinin necə möhtəşəm şəkildə əbədiləşdirildiyini görürük. İstəyirik ki, gələcək nəslə də həmin ruhu ötürək. Qəhrəmanlarımızın ümumiləşmiş obrazını monumental və möhtəşəm abidələrlə gələcək nəslə çatdırmalıyıq.

Bu gün artıq Azərbaycan dövləti bu istiqamətdə mühüm işlər həyata keçirir. Bu, şəhidlərimizin xatirəsinə verilən ən böyük dəyər və hörmət nümunələrindən biridir".

Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı, II qrup Qarabağ qazisi, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini Əhliyət Mehdiyev bildirib ki, son günlər Şuşada, eləcə də Qarabağın digər azad edilmiş ərazilərində tarixi qayalıqların, dağların və müxtəlif relyeflərin üzərinə yazıların yazılması halları müşahidə olunur.

O bildirib ki, Qarabağ azərbaycanlılar üçün yalnız ərazi anlamı daşımır:

"Qarabağa böyük qayıdışımız davam edir. Bu, milli birliyimizə, kimliyimizə və ruhumuza qayıdışımızdır. Bu torpaqların hər qarışında qəhrəman şəhidlərimizin qanı, qazilərimizin izi var. İllərlə yurd həsrəti çəkən insanların burada xatirələri yaşayır. Buna görə Qarabağda atdığımız hər addımda məsuliyyətli və həssas davranmalıyıq".

Qazi qeyd edib ki, ölkəmizin istənilən yerində mövcud olan tarixi abidələrimizin qorunması vacibdir:

"Ölkəmizdə mühafizə olunan kifayət qədər tarixi abidələrimiz var. Onların hər biri özündə tarixi dəyər daşıyır. Həmin abidələrin qorunması vətəndaş olaraq bizim də üzərimizə məsuliyyət qoyur. Bu ilin aprel ayında Nizami Kino Mərkəzinin divarlarına qraffiti yazılar yazan şəxslər barəsində hüquqi tədbirlər görüldü. Bu addım digər abidlərimiz üçün də bir siqnal olmalı idi.

Dövlətimizin həyata keçirdiyi ən böyük işlərdən biri qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onlara böyük sevgi və ehtiram göstərilməsidir. Biz bunun hər bir azad olunmuş ərazimizdə şahidiyik. Zəfər muzeyləri yaradılır, şəhidlərimizin büstləri qoyulur, onlar haqqında kitablar çap olunur. Bütün bunlar göstərir ki, şərəfli tariximizin gələcək nəsillərə çatdırılmasında sivil üsullardan istifadə etməli, sözün həqiqi mənasında tarix yazmağı bacarmalıyıq".

Ə.Mehdiyev tarixi abidələrimizlə məsuliyyətsiz davranan şəxslərə çağırış edib:

"Belə hərəkətlərə yol verməyək. Biz cəmiyyət olaraq müxtəlif platformalarda təbliğat işləri apara, bu cür davranışların arzuolunmaz olduğunu və bir daha belə hallarla qarşılaşmaq istəmədiyimizi ifadə edə bilərik".