BAKI, 8 sentyabr. TELEQRAF
Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranıb.
Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” adlı beynəlxalq konfransda bildirib.
O qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh və əməkdaşlıq məsələləri, eləcə də münasibətlərin hüquqi müstəvidə tənzimlənməsi istiqamətində irəliləyiş var:
“İki ölkə arasında delimitasiya, nəqliyyat əlaqələri, sülh quruculuğu və barışıqla bağlı proseslər davam edir. Azərbaycan və Ermənistan əməkdaşlıq edə, ticarət və dialoq qura bilər. Sülh və əməkdaşlıq region üçün mühüm amildir”.
Bununla yanaşı, F.Şəfiyev Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsir edən xarici amillərə də diqqət çəkib:
“Regionun şimalında Rusiya-Ukrayna müharibəsi, cənubunda isə ABŞ, İsrail və İran arasındakı qarşıdurmalar təhlükəsizlik baxımından əlavə çağırışlar yaradır. Azərbaycan, Ermənistan və Gürcüstanın siyasi rəhbərlikləri sülhün faydalarını anlayırlar. Bu sülh tərəfdaşlıq və dialoq yolu ilə qorunmalıdır”.
F.Şəfiyev həmçinin geosiyasi güc mərkəzlərinin regionda sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını qeyd edib.