BAKI, 8 sentyabr. TELEQRAF
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcəkləri oyun öncəsi BBC-yə müsahibə verib.
Teleqraf xəbər verir ki, litvalı mütəxəssis təxminən 20 il əvvəl məşqçilik karyerasında ilk addımlarını İngiltərənin “Mançester Yunayted” klubunun Futbol Məktəblərində atıb.
Dambrauskas həmin yerə bu dəfə baş məşqçi kimi qayıtmasını belə ifadə edib:
“Bu, təsəvvür edə biləcəyimdən də böyük hadisədir. Həmin tuneldən keçib meydana çıxacağam. Uşaqlarla birlikdə dəfələrlə “Old Trafford”da olmuşam. İndi isə ora baş məşqçi kimi gələcəyəm”.
Dambrauskas 12 yaşında olarkən yaxşı futbolçu ola bilməyəcəyini anladığını, lakin məşqçiliyin onu futboldan uzaq salmayacağını deyib. O, 2002-ci ilin avqustunda 25 yaşında, ingilis dilini zəif bilməsinə baxmayaraq, tələbə vizası ilə Londona gəlib.
Sonrakı səkkiz il onun üçün gərgin zəhmətlə keçib. Dambrauskas ictimai layihələrdə, yarımpeşəkar klubda və peşəkar klubların aşağı yaş qruplarında məşqçilik edib. Eyni zamanda iki övlad böyüdüb və ailəsini dolandırmaq üçün bir neçə işdə çalışıb.
O, 2004-cü ildə London Metropoliten Universitetində idman elmi və məşqçilik ixtisası üzrə təhsil almağa başlayıb. Bu, onun karyerasında ilk ciddi addımlardan biri olub. Daha sonra Finsberi Parkda aztəminatlı ailələrin uşaqları üçün təşkil olunan “Access to Sports” layihəsində könüllü məşqçi kimi fəaliyyət göstərib.
Ardınca aşağı yaş qruplarından yarımpeşəkar səviyyəyədək komandaları olan “London Taygers” xeyriyyə təşkilatında çalışıb. Könüllü kimi başladığı bu təşkilatda beş il ərzində əsas komandanın baş məşqçisi vəzifəsinədək yüksəlib. Komanda Spartan Cənubi Midlend Liqasında, İngiltərə Kubokunda və FA Vase turnirində çıxış edib.
Dambrauskas London Futbol Assosiasiyası vasitəsilə UEFA məşqçilik lisenziyası alan ilk litvalı olub:
“Mümkün olan bütün kurslara, konfranslara və London Futbol Məşqçiləri Assosiasiyasının toplantılarına qatılırdım. Məlumat, bilik, əlavə diplom və sertifikat əldə edə biləcəyim hər yerə gedirdim. Bu, mənim üçün çox vacib idi və yaranan imkanlardan istifadə etdim”.
Peşəkar klubda ilk fürsəti isə ona 2004-cü ildə İngiltərənin “Mançester Yunayted” klubunun Futbol Məktəbləri verib.
Dambrauskas beş il ərzində Böyük Britaniya və Avropada təşkil olunan təlim proqramlarında məşqçilik edib:
“Bu, həyatımda baş verə biləcək ən yaxşı hadisə idi. Üç və ya dörd müsahibədən keçdim. Mənə bu imkanı verdiyinə görə Fondun baş icraçı direktoru Con Şilsə ömür boyu minnətdar olacağam. Çünki təcrübəm yox idi. Daha əvvəl heç vaxt “Mançester Yunayted”in Futbol Məktəblərindəki qədər çox görkəmli insanın olduğu yerdə olmamışdım”.
Dambrauskas İngiltərənin “Fulhem” klubunda qısa müddət çalışdıqdan sonra İngiltərənin “Brentford” komandasına keçib. O, akademiyanın direktoru Ose Aybencini karyerasına ən çox təsir göstərən şəxslərdən biri hesab edir. Aybenci onu imkanlarının son həddinədək çalışmağa sövq edib.
Dambrauskas bütün bunlarla yanaşı, ailəsini dolandırmaq üçün müxtəlif işlərdə də çalışıb:
“Bağban, usta olmuşam, ilk vaxtlarda qəzet paylamışam, hətta bir barda döşəmələri cilalamışam. Çoxlu işlərdə çalışmışam. Mağazada, daha sonra idmanın inkişafı üzrə əməkdaş və menecer, həmçinin YMCA-nın mərkəzi ofisində işləmişəm. İki, üç, bəzən isə dörd işdə çalışırdım”.
“Sabah” bu həftə “Mançester Yunayted”lə qarşılaşmaqla yanaşı, yanvarda Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin “Arsenal” klubunun da qonağı olacaq. Bu qarşılaşma da Dambrauskas üçün taleyin bir işarəsi təsiri bağışlayır. London Metropoliten Universitetinin Hollouey Roud küçəsində yerləşən binalarından biri “Arsenal”ın “Emireyts” stadionuna baxırdı.
İngiltərədə keçirdiyi illər barədə danışan Dambrauskas deyib:
“İngiltərə” sözünü eşidəndə ağlıma imkanlar gəlir. Bu, həqiqətən möhtəşəm idi. İngiltərə mənə bütün bunları verdi və buna görə həmişə minnətdar olacağam. Çempionlar Liqasına yüksəlmək təsəvvür edə biləcəyimdən də böyük nailiyyətdir. Biz indiyədək nə Konfrans Liqasına, nə də Avropa Liqasına vəsiqə qazanmışdıq. Bir turnirdə ardıcıl iki mərhələdən çox keçməmişdik. İndi isə birdən-birə buradayıq.
Heç-heçə çox çətin də ola bilər, “Sabah”a uyğun da. İnsan bu turnirdə və həmin komandalara qarşı oynamağı arzulayır.
İndi bunun öhdəsindən gələ biləcəyimizi göstərməyin və rəqabət aparmaq üçün yol tapmağın vaxtıdır. Biz bunu etməyə çalışacağıq.
Yaxşı və iddialı komandamız var. Futbolçularımız uğur qazanmağa və özlərini göstərməyə çox həvəslidirlər”.
Qeyd edək ki, “Sabah” sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq.