BAKI, 8 sentyabr. TELEQRAF

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri nəqliyyat, xüsusilə Orta Dəhlizdir.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, ABŞ-nin regiondakı iştirakı, Vaşinqtonda əldə olunan razılaşma və TRIPP layihəsi ilə yanaşı, Avropa İttifaqı və Avropa ölkələri ilə əlaqələrin inkişafı da böyük əhəmiyyət daşıyır.

F.Şəfiyev Azərbaycanın enerji və nəqliyyat sahələrində regionda mühüm rol oynadığını vurğulayıb:

“Orta Dəhliz artıq fəaliyyət göstərir və Avropa İttifaqının “Global Gateway” proqramı çərçivəsində bu istiqamətdə daha praktiki addımlar atması vacibdir”.

O, Naxçıvanda dəmir yolunun bərpasının və Orta Dəhliz çərçivəsində həyata keçirilən digər nəqliyyat layihələrinin əhəmiyyətini diqqətə çatdırıb:

“Azərbaycanla Mərkəzi Asiya arasında enerji və nəqliyyat əlaqələri də inkişaf edir”.

Mərkəz rəhbəri Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış Anlaşma Memorandumunu, həmçinin Avropaya alternativ enerji çatdırılmasını nəzərdə tutan “Black Sea Cable” layihəsini nümunə göstərib.

F.Şəfiyev Cənubi Qafqaza yanaşmanın dəyişdirilməsinin vacibliyini də vurğulayıb:

“Region uzun illər Rusiya imperiyası və Sovet İttifaqı prizmasından nəzərdən keçirilib. Hazırda Cənubi Qafqaza özünəməxsus xüsusiyyətləri olan müstəqil region kimi yanaşmaq lazımdır”.