BAKI, 2 sentyabr. TELEQRAF
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səhiyyə sisteminə gətirdiyi yeniliklər və inkişaf islahatlarla daha qabarıq hiss olunur.
Bunu Teleqraf-a açıqlamasında Masallı Mərkəzi Rayon Xəstəxanasının Laboratoriya şöbəsinin müdiri Elşad Hüseynli deyib.
O bildirib ki, TƏBİB-in fəaliyyətə başlamasından sonra tibb işçilərinin əməkhaqlarında ciddi artım müşahidə olunub: “TƏBİB yaranmazdan əvvəl maaşlarımız 350-500 manat civarında idi. Bu qurum formalaşdıqdan sonra maaşda artım oldu, bonus tətbiq edilməyə başlandı. Hazırda 1400 manat maaş alıram. İnşallah, bundan sonra daha yaxşı olacaq.
Mən xəstəxanada Laboratoriya şöbəsinin müdiriyəm. Lakin cərrahiyyə sahəsində artımlar daha çoxdur və maaşlar 4000-6000 manat arasında dəyişir”.
Elşad Hüseynlinin sözlərinə görə, səhiyyə sahəsində aparılan islahatların əsas məqsədlərindən biri həkimlərin peşəkarlığının artırılmasıdır:
“Burada ən başlıca məqsəd həkimlərin peşəkarlaşması üzərində qurulub. Maddi təminat da əsas amillərdəndir. Elə mexanizm formalaşır ki, həkim daim öz üzərində çalışmalı olur. Maddi imkanlar yaxşılaşdıqdan sonra xarici ölkələrə gedərək yeni təcrübələr qazanmaq, müxtəlif təlim və texniki kurslarda, konfranslarda iştirak etmək imkanları da artır. Bütün bunlar bir-biri ilə bağlı məsələlərdir. Həkimin maaşı artdıqca onun öz peşəkar inkişafına daha çox önəm verməsi üçün də imkan yaranır”.
Həkim səhiyyə sistemində şəffaflığın artdığını da vurğulayıb:
“Həkimin təminatı o qədər yaxşılaşıb ki, pasiyentlə həkim arasında tam şəffaf münasibət formalaşıb. Əvvəllər müşahidə olunan mənfi nüanslar artıq geridə qalıb. Müxtəlif müayinələrə göndərişlər verilir, çox bahalı əməliyyatlar həyata keçirilir. Bu gün demək olar ki, sığorta sistemi də formalaşıb.
Kardioloji mərkəzlər regionlarda da fəaliyyət göstərir və müxtəlif tibbi müdaxilələr həyata keçirilir. Regionlarda səhiyyə sahəsi əvvəlki illərlə müqayisədə çox inkişaf edib”.
Şöbə müdiri Azərbaycanda səhiyyənin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib:
“Azərbaycanda səhiyyənin inkişafı ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründən başlayıb və bu gün cənab Prezident İlham Əliyevin siyasəti nəticəsində ən yüksək səviyyəyə çatıb.
Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü ilə çıxış edib.
Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
Xankəndi Dövlət Universitetində tibb fakültəsinin və klinikasının yaradılmasında şəxsən cənab Prezident iştirak edib. Bütün bunlar həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Bir həkim olaraq mən də bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya hər zaman minnətdaram”.