BAKI, 6 avqust. TELEQRAF

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Türkiyənin media nümayəndələrinə ayırdığı təxminən üç saatlıq görüşdə Azərbaycanın xarici siyasəti, müstəqil dövlət olaraq milli maraqlara əsaslanan mövqeyi, “Bir millət, iki dövlət” prinsipi çərçivəsində Türkiyə-Azərbaycan münasibətləri, bölgədə baş verən proseslər və iki ölkə arasındakı əməkdaşlıq barədə ətraflı məlumat verildi. Bu proqram çərçivəsində “Barış Güzərgahı” boyunca səfərlər həyata keçirdik”.

Teleqraf xəbər verir bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar “Sülhün coğrafiyası: Qarabağ-Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramının yekun tədbirində deyib.

O bildirib ki, Türkiyədən gələn media nümayəndələri Bakıdan başlayaraq Ağdam, Xankəndi, Şuşa və Laçına səfər ediblər.

“Uzun illər Ermənistan tərəfindən istifadə olunan, Qarabağdakı terror fəaliyyətinin əsas dayaqlarından biri hesab edilən keçmiş Laçın dəhlizi istiqamətini də gördük. Bu ərazilərin artıq qəhrəman Azərbaycan Ordusunun və şəhidlərimizin fədakarlığı sayəsində tam nəzarətimiz altında olması hər birimiz üçün böyük qürur mənbəyidir.

Səfər çərçivəsində Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq Türkiyə-Azərbaycan münasibətlərinin gələcək inkişaf istiqamətləri ilə bağlı da müzakirələr apardıq. Bu, sadəcə bir başlanğıcdır. Qarşıdakı dövrdə bu istiqamətdə fəaliyyətlərimiz davam edəcək. Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi ilə birlikdə Azərbaycan-Türkiyə əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verəcək müxtəlif təşəbbüslər üzərində işləyəcəyik”,- A.Attar vurğulayıb.